Ana Sayfa > Manşet / Siyasət > Malik Həsənov: Azərbaycan bütün Avropa üçün strateji tərəfdaş ölkədir
Malik Həsənov: Azərbaycan bütün Avropa üçün strateji tərəfdaş ölkədir1-02-2023, 10:53. Yazar: sevinc1 |
“Azərbaycanın Avropa dövlətləri ilə ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişaf etdirilməsi xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərlə əməkdaşlığının hazırkı inkişaf səviyyəsi göz önündədir. Ölkəmizin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi, uğurlu enerji diplomatiyası beynəlxalq səviyyədə dəstəklənir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi günümüzün əsas çağırışıdır. Azərbaycan öncə regional çərçivədə əlaqələrin qurulmasına maraq göstərsə də illər keçdikcə bu əməkdaşlıq beynəlxalq səviyyəyə yüksəldi. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi 2020-ci ilin sonlarında tam tərkibdə istifadəyə verildi. Dövlət başçısı İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirməsi, iki ölkə arasında əlaqələrin gələcək inkişafında möhkəm hüquqi bazaya çevrilən sənədlərin imzalanması, Prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməz olduğunu, enerji diplomatiyasının nümunəviliyini bir daha təsdiqlədi. Cənab İlham Əliyevin sözügedən səfəri dövlət başçısı kimi Macarıstana dördüncü səfəri idi. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması kimi xarakterizə edilir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib. Millət vəkilinin sözlərinə görə, səfərdə məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir: “Keçirilən görüşlərdə Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xüsusi diqqətə çatdırıldı. Macarıstanın Baş naziri Viktor Orban onu da əlavə etdi ki, Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir.” Malik Həsənov Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın imzaladığı sənədlərə də xüsusi diqqət yönəldib. “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də iki ölkənin digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsi üçün mövcud imkanlar xüsusi qeyd edilir. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir: “Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin ikinci dəfə imzalanması iki ölkə arasında münasibətlərin təqdimatında mühüm rol oynayır. Həmçinin iqtisadi və digər sahələrin inkişafına yönələn Anlaşma Memorandumları da imzalandı ki, bu mühüm addımlar hər iki tərəfin münasibətlərin daha da möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, dünya enerji xəritəsini uğurlu layihələri ilə dəyişmək imkanlarına malk olması, təbii ki, Avropa İttifaqının, ona üzv dövlətlərin diqqətindən kənarda qala bilməz. Hazırda Azərbaycanın bərpaolunan enerji sahəsində mövcud imkanları geniş təhlil edilir.” “Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir” söyləyən millət vəkili bu uğurumuzu böyük əminliklə qeyd edib ki, ölkəmiz dünyada neft və qaz ilə yanaşı, həm də elektrik enerjisi ixracatçısıdır: “Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan edib. Bu torpaqlarımızın malik olduğu bərpaolunan enerji mənbələrinin potensialı Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” mərkəzinə çevriləcəyinə şübhə yeri qoymur. Təkcə ötən il bu sahədə imzalanan iki sənədi qeyd etmək istərdik. 2022-ci ilin iyulunda ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur.” Malik Həsənov bildirib ki, bu səfər iqtisadi və geostrateji üstünlüklərindən səmərəli istifadə etməklə yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini göstərir. Səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq. aia.az Geri dön |