Ana Sayfa > Seçki 2024 > Gəncədə Xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Gəncədə Xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib


30-01-2023, 18:49. Yazar: sevinc1
Gəncədə Xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə görkəmli sənətkar, peşəkar tarzən, Xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

aia.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında baş tutan mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Verdiyeva, ailə üzvləri, yaxınları, sənətsevərlər iştirak ediblər.
Öncə mərhum sənətkarın xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Şəhər rəhbəri Niyazi Bayramov qonaqları salamlayaraq, sənətkarın ailə üzvlərinə başsağlığı verib. Ustad sənətkarın musiqimizə verdiyi töhfələrdən danışan natiq Fikrət Verdiyevin ən böyük mirasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı olduğunu vurğulayıb. N.Bayramov Ulu öndər Heydər Əliyevin Xalq artistinə daim xüsusi diqqət göstərdiyini və peşəkar tarzənin Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Çıxış edən digər qonaqlar da mərhum sənətkarla bağlı xoş xatirələrindən, onun həyat və yardıcılığından bəhs ediblər. Fikrət Verdiyevin Azərbaycan incəsənətinə, ələlxüsus Gəncənin mədəniyyət sahəsinə əvəzsiz töhfələr verdiyi qeyd olunub. Hər zaman istedadlı gənclərə önəm verən, onlara yol açan və dəstək göstərən sənətkarlardan olan Fikrət Verdiyevin əziz xatirəsinin daim sevənlərinin qəlbində yaşayacağı bildirilib.
Tədbirdə Fikrət Verdiyevin yaratdığı və uzun illər rəhbərlik etdiyi “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı tərəfindən Xalq artistinin xatirəsinə həsr olunan əsərlər ifa edilib.
Sonda Xan Şuşinski Fondunun rəhbəri, mərhum sənətkarın ömür-gün yoldaşı Bəyimxanım Verdiyeva çıxış edərək, mərhum tarzənin sənətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.
Xatırladaq ki, Fikrət Süleyman oğlu Verdiyev 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 13 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülüb. 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılıb.
Unudulmaz sənətkar 22 dekabr 2022-ci ildə vəfat edib.

Azər Tağızadə
Geri dön