Ana Sayfa > Özəl > Gəncəni su ilə təmin etmək üçün Göygöldə yeni drenaj sistemi yaradılıb

Gəncəni su ilə təmin etmək üçün Göygöldə yeni drenaj sistemi yaradılıb


26-01-2023, 17:07. Yazar: sevinc1
Gəncəni su ilə təmin etmək üçün Göygöldə yeni drenaj sistemi yaradılıb

Ölkə başçısı İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Gəncə şəhərinin içməli və tullantı su infrastrukturlarının yenidən qurulması layihəsinin icrası uğurla davam etdirilir. Hazırda şəhərdə paylayıcı şəbəkələrin tikintisi və sayğaclaşma işləri həyata keçirilir. 2023-cü ildə layihənin icrası çərçivəsində görüləcək işlər Gəncə şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə müzakirə edilib.

aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ölkənin 2-ci böyük şəhəri olan Gəncənin sosial-iqtisadi inkişafında içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması mühüm əhəmiyyət kəsb edir. Ötən müddətdə yeni şəbəkələrin yaradıldığı ərazilərdə əhalinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Gəncədə içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması şəhərin sosial-iqtisadi inkişafına, əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına töhfələr verir.
Gəncə şəhərinin içməli və tullantı su infrastrukturlarının yenidən qurulması işinin dövlət başçısının xüsusi diqqətində olduğunu qeyd edən “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW Bankı) birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində başlanılan işlər hazırda dövlət investisiyası hesabına davam etdirilir. 2023-cü ilin dövlət investisiya proqramında bu məqsədlə vəsait ayrılıb.
Qurumun departament rəisinin müavini Ceyhun Məmmədov layihənin təqdimatı zamanı Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradıldığını, Gəncə şəhərində həcmi 4000 m3 olan su anbarı tikildiyini və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkildiyini bildirib. Qeyd olunub ki, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min m3 olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min m3 olan sutəmizləyici qurğu və buradan Gəncə şəhərinə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib.
Layihəyə əsasən Gəncə şəhərində 855 km içməli, 813 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. İçməli və tullantı su şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. İndiyədək içməli su şəbəkəsinin 375 km-lik, tullantı su şəbəkəsini isə 330 km-lik hissəsi inşa edilib. 2023-cü ildə 16 km içməli, 19 km tullantı su xətləri və kollektorların inşası nəzərdə tutulur.
Layihəyə əsasən Gəncə şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi üçün gələcəkdə Samux rayonu ərazisində məhsuldarlığı sutkada 110 min m3 olacaq təmizləyici qurğunun inşası da planlaşdırılır.

Azər Tağızadə
Geri dön