Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Prezident İlham Əliyev Davosda növbəti on il üçün Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərinə dair önəmli açıqlamalar təqdim etdi”

Novruzəli Aslanov: “Prezident İlham Əliyev Davosda növbəti on il üçün Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərinə dair önəmli açıqlamalar təqdim etdi”


24-01-2023, 10:10. Yazar: sevinc1
Novruzəli Aslanov: “Prezident İlham Əliyev Davosda növbəti on il üçün Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərinə dair önəmli açıqlamalar təqdim etdi”

Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən ilin sonlarında bu beynəlxalq layihə ilə bağlı əldə olunmuş çoxtərəfli razılaşmalara dair önəmli açıqlamalar təqdim etdi. İlk növbədə dövlət başçısı layihənin əsas üstünlüklərindən biri kimi ölkələr arasında yaxşı münasibətlərin olduğunu qeyd etdi. Həqiqətən də Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olan ölkəmiz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Azərbaycanda artıq hazır olan bütün zəruri infrastruktur obyektləri indi daha çox yük qəbul etmək qabiliyyətinə malikdir. O cümlədən hazırda yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt beynəlxalq dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Bu istiqamətdə görülən işləri stimullaşdıran əsas amillərdən biri də mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyin yaranması və bu səbəbdən daşımalarda yük həcminin artım gözləntisidir. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Mərkəzi Asiyadan böyük həcmdə yüklərin istiqamətinin dəyişilməsi müşahidə olunur və bu, sadəcə, başlanğıcdır.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Prezident İlham Əliyevin növbəti on ildə Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri barədə verdiyi açıqlamaların əhəmiyyətini qeyd edərək bunları deyib: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolu artıq heç kim üçün sirr deyil. Təbii ki, bu vəziyyət Avropa ictimaiyyətində ölkəmizin enerji siyasətinə qarşı marağı daha çox artırır. Bu məqam özünü Davosda keçirilən panel iclasında moderatorun dövlət başçımıza ünvünladığı suallarda da özünü qabarıq formada əks etdirdi. Hər zaman açıq siyasət yürütməyin tərəfdarı olan cənab Prezident İlham Əliyev təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olandan dərhal sonra ölkəmizin gördüyü tədbirlərdən danışdı. Qyd olundu ki, 2021-ci ildə Avropa bazarına qazın ixracı təqribən 8 milyard kubmetrdən çox olduğu halda, bu il həmin göstərici ən azı 11,6 milyard kubmetrə çatdırılacaq. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda isə Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Dövlət başçısı bunun üçün Avropada daha çox interkonnektorlara ehtiyac olduğunu vurğuladı. Məlumdur ki, ötən ilin sonlarında açılmış Yunanıstan-Bolqarıstan interkonnektoru ölkəmizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanı verdi. Bununla belə Azərbaycan indi özünün Yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində də iş aparır. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə 10 qiqavat potensial mövcuddur. Ümumilikdə mövcud potensial 200 qiqavata yaxındır. Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb və bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Azərbaycan ilə “Masdar” arasında imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətinin yeni fəslidir.”

Sonda N.Aslanov Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesinin rəsmi İrəvan tərəfindən əngəllənməsi ilə bağlı ifadə etdiyi fikirlərin önəmini vurğulayıb: “Ermənistan hökuməti Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı və digər konstruktiv təkliflərini rədd etməklə həm özünü təcrid olunmuş vəziyyətdə saxlayır, həm də ümumilikdə Cənubi Qafqaz regionunda iqtisadi inkişafın daha sürətlə getməsini əngəlləyir. Bu barədə moderatorun sualını cavablandırarkən cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Ermənistan hələ də Azərbaycanın çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifinə cavab verməyib. Ermənistanın Davosda olmamasının səbəbi də odur ki, Azərbaycan və Gürcüstanın üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı birgə etdikləri təklif rəsmi İrəvan tərəfindən rədd edilib. Belə görünür ki, Ermənistan buna hazır deyil, bu isə potensial risklərdən biridir, çünki əgər üç Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön