Ana Sayfa > Özəl > Gəncədə 20 Yanvar şəhidləri anılıb
Gəncədə 20 Yanvar şəhidləri anılıb20-01-2023, 16:30. Yazar: sevinc1 |
Ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də 20 Yanvar faciəsinin 33-cü ildönümü silsilə tədbirlərlə qeyd edilib. Şəhidlər Xiyabanında keçirilən anım mərasimində böyük izdiham müşahidə olunub. Uşaqdan böyüyə hər kəs şəhidlərin xatirəsini yad etmək üçün xiyabana toplaşıb, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlər Xiyabanında təşkil olunan anım mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər. Öncə icra başçısı Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev "Əbədi məşəl" abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub. Daha sonra 20 Yanvar faciəsinin 33-cü ildönümünü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başalyıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Qeyd olunub ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Bu qanlı gün həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Vurğulanıb ki, 20 yanvar 1990-ci il müasir tariximizin ən faciəli günlərindən biri olsa da Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq. Bütün ölkə ərazisində olduğu kimi, saat 12:00-da Gəncədə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib. Şəhər rəhbəri Niyazi Bayramov şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Azər Tağızadə aia.az Geri dön |