Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti

Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti


19-01-2023, 16:54. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti

Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi . Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir.
Biz yaxın tarixin müdhiş faciəsinə Heydər Əliyevin nəzərləri ilə baxanda nələri görür və yəqin edirik? 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı sovet rəhbərliyinin ali vəzifə borcuna və adi insanlıq xislətinə zidd olaraq, bütün qoşun növlərini səfərbər etməklə, güc nazirlərinin bilavasitə iştirakı ilə ittifaq dövlətinin müttəfiq bir subyekti olan Azərbaycan SSR-in paytaxtına irimiqyaslı hücum təşkil etməsi, nəticədə çox sayda dinc insanın qətlə yetirilməsi və yaralanması uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı, nifrət və qəzəb adlı nəhəng bir tonqalı alovlandırdı.
Törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək bir cərəyan kimi silkələyib eyni məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Şəhərə yeridilmiş zəhmli bir güc-gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin açılması ilə güclü bir qasırğanın qoynuna düşüb acizləşdi.
Gecənin qana bələdiyi şəhərin yaralarına gur işıq salan o qırğın səhəri vətəndaşı olduğu dövlətdən xəyanət və qəddarlıq görmüş xalqımız gur axınlarla Mərkəzi Komitə deyilən respublikanın baş qərargahına tərəf axışıb, gecəni burada keçirmiş, qorxub-çəkinmədən yerində dayanaraq zirehli texnikanın əhatəsində qalmış dinc, əliyalın soydaşlarımıza qoşulmağa can atırdı. Qəzəblənmiş insan seli çox keçmədi ki, zirehli texnikadan “hörülmüş” dəmir hasarı uçuraraq, sanki, alov püskürən böyük bir vulkana döndü. Qəzəb püskürən çıxışlarda qanlı ədalətsizlik hiddətlə lənətlənir, sovet rəhbəri Mixail Qorbaçov cəllad adlandırılırdı. İmperiyanın dördüncü böyük, cənubun isə ən böyük şəhərini gecənin qaranlığında gülləbaran edərək işğal etmiş sovet rejimi öz qanlı əməlinin girovuna çevrilərək bu mənzərələri acizliklə seyr etməyə məhkum olmuşdu.
Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Üçüncüsü, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onun zərədidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 3 onillik öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

Zərinə Hümbətova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü
Geri dön