Ana Sayfa > Özəl > ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI MÜTLƏQ OLMALIDIR, ERMƏNİSTAN BUNU İSTƏSƏ DƏ, İSTƏMƏSƏ DƏ
ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI MÜTLƏQ OLMALIDIR, ERMƏNİSTAN BUNU İSTƏSƏ DƏ, İSTƏMƏSƏ DƏ19-01-2023, 10:51. Yazar: sevinc1 |
Tarixə nəzər salsaq, görərik ki, qalib tərəf – ən əsası isə ədalətli şəkildə qələbə qazanan tərəf həm də proseslərin sonrakı gedişinə birbaşa təsir edən, diktəedici tərəf olub. Bu mənada, 44 günlük Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyətliliyi təkcə Hərbi Zəfərlə ölçülməməli, həm də qalib tərəf olaraq Azərbaycana daha geniş imkanlar qazandırmaq baxımından Siyasi Qələbə kimi dəyərləndirilməlidir. Məsələn, Zəngəzur dəhlizinin açılmasının günbəgün reallaşması dövlətimizin müharibədən sonrakı dövrdə düşmən üzərində təkcə hərbi deyil, siyasi, mənəvi-psixoloji üstünlüyünü də qoruyub saxladığını bir daha təsdiq edir. Azərbaycan 30 ilə yaxın bir dövrdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin icrası istiqamətində sülh şəraitində siyasi mübarizə aparmış Prezident cənab İlham Əliyevin ötən il keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında da qeyd etdiyi kimi, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi ilə üzləşmiş, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirmişdir. Postmüharibə dövründə də ölkəmiz beynəlxalq sülhün təminatçısı kimi eyni siyasi prinsipiallıq və qətiyyət nümayiş etdirmişdir. Belə ki, müharibə nəticəsində beynəlxalq hüququn normalarını təmin edən Azərbaycan sonrakı mərhələdə də, bütövlükdə, Cənubi Qafqazda sülh və qarşılıqlı əməkdaşlıq şəraitində yeni reallıqların müəllifi kimi çıxış edərək heç vəchlə beynəlxalq prinsiplərə tabe olmayan “ipə-sapa yatmaz” Ermənistanı 10 noyabr Bəyannaməsinin prinsiplərinə riayət etməyə təhrik etməkdədir. Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə yanaşı, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da təsbit edilib. Zəngəzur dəhlizi layihəsinin icra edilməsi üçün Azərbaycan öz öhdəsinə düşən hər bir işi yerinə yetirir, ölkə başçımızın da yeni il qabağı müraciətdə də səsləndirdiyi kimi, işlər sürətlə davam etdirilir. Eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürür. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir, Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Prezident cənab İlham Əliyev də məsələyə bu qlobal prizmadan yanaşaraq Zəngəzur dəhlizinin açılmasını ötən il ən ali beynəlxalq kürsülərdən dünya ictimaiyyətinin də tələbi kimi səsləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanvarın 25-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində, iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında, oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə Soçi şəhərində görüşdə, sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində, 11 noyabrda keçirilən Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə, dekabrın 14-də Türkmənbaşı şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşündəki çıxışlarında bu məsələnin həllinin vacibliyini siyasi qətiyyətlə ortaya qoymuşdur. Zəngəzur dəhlizi həm də 100 il sonra Vətən müharibəsində qazanılan Böyük Qələbə nəticəsində itirilmiş torpaqları qaytarmaqla tarixi ədaləti bərpa etmək deməkdir. Prezident cənab İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı mübarizəsi bu mənada, bütövlükdə, regional əmədaşlıq, kommunikasiyaların bərpasına deyil, daha böyük siyasi uzaqgörənliklə milli maraqlara xidmət edir: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik...” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu məsələyə qayıdan dövlətimizin başçısı vurğulamışdır: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |