Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “1990-cı ilin ağır və faciəli günlərində də ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi öz xalqının yanında idi”

Novruzəli Aslanov: “1990-cı ilin ağır və faciəli günlərində də ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi öz xalqının yanında idi”


18-01-2023, 11:49. Yazar: sevinc1
Novruzəli Aslanov: “1990-cı ilin ağır və faciəli günlərində də ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi öz xalqının yanında idi”

“1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar sovet rejiminin bütün mövcudiyyəti dövründə törətdiyi ən qanlı aktlardan biri, insanlığa qarşı ən böyük cinayətlərdən biri oldu. O müdhiş gecə şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Azğınlaşmış hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular. Təəssüflər olsun ki, bu hərbi cinayət bu günə qədər beynəlxalq hüquqi məsuliyyətdən yayındırılmışdır. 1990-cı ilin oktyabr ayında keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsi barədə qərar isə dünyada ikili standartlar siyasətinin aparılmasına ən bariz nümunə oldu. Azərbaycanda 20 Yanvar faciəsinin törədilməsinə görə birbaşa məsuliyyət daşıyan Qorbaçov əməllərinə görə nəinki həmin mükafata layiq deyildi, həm də bu ali mükafatın adına və şərəfinə, nüfuzuna xələl gətirirdi. Tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhinə qəsd (mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması və s.) hazırlamaqda və həyata keçirməkdə ittiham olunmuşlar. Məhz buna görə indiyədək dünyanın hər yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər. Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir. SSRİ və Azərbaycanın ozamankı rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulmuş sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat həmçinin bildirmişdir ki, qanlı 20 Yanvar hadisələri eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub: “20 Yanvar faciəsi Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin vuruşmağa sövq edən hadisə oldu. Məhz bu hadisə müstəqillik ideyalarının ümummilli amala çevrilməsinə zəmin yaratdı və Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək, dövlət müstəqilliyinin bərpa edilməsi prosesində dönüş nöqtəsi oldu. Bu qanlı faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək, dönməz xarakter aldı və xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməyə başladı. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ilk dəfə olaraq ümumxalq faciəsinin tanıdılması naminə mərkəzləşdirilmiş qaydada təşkilatlanmağa başladılar. Həmçinin 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıqlar süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. Bu proseslər nəticə etibarı ilə XX əsrin sonlarına qədər dünyanın ən güclü siyasi təşkilatlarından biri olan Sovet İttifaqı Kommunist Partiyasının süqutuna səbəb oldu. Həmin dövrdə Azərbaycan SSR-in dövlət və partiya rəhbərləri sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Bütün bunlar xalqın kommunist partiyasına və mövcud rejimə qarşı nifrətini son həddə çatdırdı və partiya üzvləri kütləvi şəkildə onun sıralarını tərk etməyə başladılar.”

Daha sonra N.Aslanov 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etirazın Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini vurğulayaraq bunları deyib: “1990-cı ilin ağır və faciəli günlərində də ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi öz xalqının yanında idi. Yanvar ayının 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Xalqın fədakar oğlu cəsarətli bəyanat verərək əliyalın insanların qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır.” Həmçinin ümummilli lider ilk olaraq Qanlı Yanvar hadisələrinin hüquqi qiymətini vermişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı ildə 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən tarixli qərar qəbul etdi. 1994-cü ilin mart ayının 29-da isə Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Azərbaycan xalqı 1990-cı ilin yanvarında dövlətimizin müstəqilliyi, ölkənin istiqlalı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müqəddəs amallar uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.

aia.az
Geri dön