Ana Sayfa > Özəl > “20 Yanvar tarixi-yeni müstəqillik tarixmizin başlanğıc nöqtəsidir”
“20 Yanvar tarixi-yeni müstəqillik tarixmizin başlanğıc nöqtəsidir”17-01-2023, 17:45. Yazar: sevinc1 |
20 Yanvar faciəsi kimi tariximizə düşən bu faciədən artıq 33 il keçir . Həmin gün Sovet hökümətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Bu faciə xalqımızın azadlıq ideyalarını boğmaq, müstəqillik meyillərini qırmaq məqsədi daşıyırdı. Amma keçmiş Sovet höküməti xalqımızın tarixini unutmuşdu. Unutmuşdu ki, tarix boyu yadelli işğallarına qarşı mübarizə aparan xalqımız kiminsə vassallığını, boyunduruğunu qəbul etməyib. 20 Yanvar Faciəsi ilə Sovet höküməti nəinki xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədilər, hətta bununla onlar xalqımızın mübarizə əzmini daha da alovlandırdı. Məhz torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin intiqamını almaq, onların başlatdığı azadlıq mübarizəsini davam etdirmək məqsədilə xalqımız böyük bir ümidlərlə yola çıxdı. 20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Məhz buna görə də bu gün 20 Yanvar tarixini biz xalqımızın həm qanlı, həm şanlı səhifələrindən hesab edirik. Çünki güclü bir imperiyanın əli silahlı ordusuna qarşı əliyalın, silahsız, dinc sakinlərin, xalqımızın mübarizə aparması və qələbə qazanması bizim tariximizin şanlı səhifələrindədir. SSRİ rəhbərliyində çalışsa da Ulu Öndər Heydər Əliyev hər zaman xalqımızın, dövlətimizin mənafeyini üstün tutmuş, xalqımızın rifah halının yaxşılaşdırılmasına, dövlətçiliyimizin SSRİ tabeçiliyində olsa da yaşamasına çalışmış, bunun üçün əlindən gələn səyləri əsirgəməmişdir. Məhz Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri də öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Xalqın iradəsi, azadlıq uğrunda canlarını sipər etmiş qəhrəman oğul və qızlarımızın qanı-canı bahasına əldə olunmuş müstəqilliyimiz, o dövrdə hakimiyyətdə olan qüvvələrin yarıtmaz, səriştəsiz siyasəti, öz şəxsi maraqlarını üstün tutmasının nəticəsi olaraq 1993-ci ilin 15 iyun tarixinədək formal xarakter daşıdı.Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqilliyimiz, bizə qarşı edilən qanlı terror və faciələr faktiki olaraq tanındı. Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 20 Yanvar əlilləri və şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib. Azərbaycanın bütün şəhər və rayonlarında şəhidlərin əziz xatirəsi uca tutulur və dərin hörmətlə yad olunur. Ölkəmizin bütün şəhər və rayonlarında Şəhidlər Xiyabanı mövcuddur, hər il dönümündə yerli sakinlər İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə həmin Xiyabana gedib şəhidlərimizin məzarlarını ziyarət edib tər-çiçəklər düzüb öz ehtiramlarını bildirirlər. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, hər il bu faciənin qurbanları bütün dünyada yad edilir. Dünyada yaşayan diasporlar, nümayəndələr çalışırlar ki, bu qanlı faciəni dünyaya tanıtsınlar. Fikirlərimin yekunu olaraq bildirmək istəyirəm ki, bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu şaddır. Çünki xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu, çünki indi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Vətən çox əzizdir və hər birimizin borcudur ki, onun keşiyində dayanaq. Allah Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Rəşad Qəhrəmanov, Saatlı rayon qeydiyyat şöbəsinin rəisi Geri dön |