Ana Sayfa > Özəl > Azərbaycan müharibə təcrübəsini yeni ordu konsepsiyası əsasında tətbiq edir

Azərbaycan müharibə təcrübəsini yeni ordu konsepsiyası əsasında tətbiq edir


16-01-2023, 10:30. Yazar: sevinc1
Azərbaycan müharibə təcrübəsini yeni ordu konsepsiyası əsasında tətbiq edir

Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün ölkəmizdə aparılan ordu quruculuğu işinin əsas istiqamətləri ilə bağlı təqdim etdiyi açıqlamalar xüsusi önəm kəsb edən məqamlardan biridir. Məlumdur ki, Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi tarixi Zəfər 2003-2020-ci illər ərzində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş əhatəli hazırlıq işlərinin və əlbəttə ki, ilk növbədə müasir, güclü və yeni texnologiyalarla təchiz olunmuş ordunun yaradılması sayəsində mümkün oldu. Müasir dünyada gedən proseslər, beynəlxalq hüququn işləməməsi bunu deməyə əsas verir ki, dünyada bundan sonra da məhz güc amili əsas həlledici faktor kimi çıxış edəcək. Məhz bu səbəbdən hazırda ölkə ictimaiyyətini son dərəcə maraqlandıran məsələlərdən biri də ordu quruculuğu sahəsində görülən işlərlə bağlıdır. Öz müsahibəsində bu məsələyə aydınlıq gətirən cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müharibədən sonrakı dövrdə də bu istiqamətdə işləri heç bir fasiləyə yol vermədən davam etdirib və dövlətimiz müharibə təcrübəsini həyatda artıq yeni ordu konsepsiyası əsasında tətbiq etmək istiqamətində fəal iş aparır. Qeyd olundu ki, son iki il ərzində artıq bir çox vacib işlər görülüb. O cümlədən, Silahlı Qüvvələrin xüsusi təyinatlı və yüksək zərbə gücünə malik olan “komando” hissələri artıq tam formalaşıb və bu proses davam etdirilir. Həmçinin Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı dəstələri, qrupları yaradılıb. Dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayı artırılıb. Ali Baş Komandan Ermənistanla məsələnin həll olunduğunu və üçüncü müharibənin baş verməyəcəyinə əminliyini bildirsə də, eyni zamanda müharibədən sonra ölkəmizin üzləşdiyi bəzi yeni təhdidlərin də hələ ki, aradan qalxmadığını vurğuladı. Buna görə də Azərbaycan ordu quruculuğu işini bu gün də yüksək səviyyədə davam etdirir. Artıq Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlanıb. Eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə danışıqlar sona çatmaq üzrədir. Ölkə Prezidenti xüsusi olaraq vurğuladı ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır və bu, ixracyönümlü sənaye olacaqdır.
Möhtərəm dövlət başçımızın toxunduğu daha bir vacib məqam sürətlə formalaşan yeni dünya düzənində, başqa sözlə desək sabahın dünyasında Azərbaycanın yeri və mövqeyi ilə bağlı oldu. Xüsusilə 2022-ci ilin əvvəlindən dünya və Avropa gündəmindən çıxmayan Rusiya-Ukrayna müharibəsi artıq yeni dünya düzəninin yaradıldığına dair bütün şübhələrə son qoydu. Lakin bu prosesi qaçınılmaz edən daha bir vacib məqam da var ki, bu da ənənəvi beynəlxalq təsisatların artıq öz funksionallığını demək olar ki, tam itirmək üzrə olmasıdır. Cənab Prezident İlham Əliyev öz müsahibəsində bu məsələ barədə verdiyi açıqlamasında həmin qurumların artıq səmərəli qaydada fəaliyyət göstərə bilmədiklərini və bundan sonra da göstərməyəcəklərini birmənalı olaraq vurğuladı. Həmçinin dövlətimizin başçısı Azərbaycanın BMT-yə münasibətinin bəlli olduğunu qeyd edərək, 30 ilə yaxın müddət ərzində Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsini bu təşkilatın nüfuzuna əlavə dəyər qatmayan bir hal kimi qiymətləndirdi. Diqqətəlayiq haldır ki, bu gün artıq bir çox ölkələr BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılması məsələsində Azərbaycanla eyni mövqelərdən çıxış edirlər. Əlbəttə ki, Təhlükəsizlik Şurasının 80 il bundan əvvəl, İkinci Dünya müharibəsindən sonra yaradılmış formatı artıq köhnəlib və cənab Prezident bunu açıq mətnlə bəyan etdi. Artıq Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Dövlət başçımız hər zaman olduğu kimi, bu vacib məsələdə də konkret mövqe nümayiş etdirərək mütləq şəkildə bir daimi yerin müsəlman ölkəsi üçün ayrılmasının zəruriliyini vurğuladı və bu ölkənin məhz İslam Əməkdaşlıq Təşkilatı tərəfindən müəyyən edilməli olduğunu qeyd etdi. Bu, Azərbaycanın daxil olduğu bütün beynəlxalq təsisatlara üzv ölkələrin maraq və mənafelərini aktiv şəkildə müdafiə etdiyinin daha bir əyani sübutudur. Həmçinin cənab Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında bir yerin də məxsusi olaraq Qoşulmama Hərəkatına verilməli olduğunu bəyan etdi. Dövlət başçısı bildirdi ki, Hərəkata sədrlik edən ölkə, o daimi yerdə olmalıdır və ən əsası, əgər veto hüququ qalacaqsa, onda Təhlükəsizlik Şurasının yeni iki üzvünə də veto hüququ verilməlidir. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin bu tələbləri tamamilə haqlıdır, ədalətlidir. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatında bu gün 120 ölkə cəmləşib və bu, böyük bir qüvvədir. Dünya bu qüvvə ilə hesablaşmalıdır.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

Geri dön