Ana Sayfa > İqtisadiyyat > Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın iclası keçirilib
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın iclası keçirilib12-01-2023, 12:34. Yazar: sevinc1 |
“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın yenilənmiş tərkibdə 3-cü iclası keçirilib. aia.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən komissiyanın sədri energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrin icrası məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ötən il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb, dekabr ayında imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in ölkəmizin zəngin bərpa olunan enerji potensialının reallaşdırılması baxımından əhəmiyyətini qeyd edib. Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Komissiyanın 2-ci iclasından ötən dövr ərzində görülmüş işlər və əldə edilmiş nəticələr barədə təqdimatla çıxış edib. Bərpa olunan enerji mənbələri ərazilərinin, o cümlədən Xəzər dənizində su sahələrinin müəyyənləşdirilməsi, elektrik şəbəkəsinə qoşulma məqsədilə həyata keçirilən araşdırmaların gedişatı və digər prosedurlar haqqında məlumat verilib. Sonra bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinin hüquqi tənzimlənməsi barədə təqdimat dinlənilib. Yaşıl hidrogen, bu istiqamətdə beynəlxalq investorların təklifləri, dənizdə külək enerjisindən istifadə üzrə təhlillərin gedişi barədə ətraflı məlumatlar diqqətə çatdırılıb. Həmçinin komissiyanın fəaliyyətindən irəli gələn bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Müdafiə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edib. Geri dön |