Ana Sayfa > Gündəm > Elçibəy 24 il əvvəl İstanbulda oteldən hara yoxa çıxmışdı

Elçibəy 24 il əvvəl İstanbulda oteldən hara yoxa çıxmışdı


20-06-2016, 13:35. Yazar: admin



Türkiyənin “Hürriyet” qəzeti Azərbaycanın mərhum eks-prezidenti, xalq hərəkatının lideri Əbülfəz Elçibəylə bağlı indiyə qədər dövlət sirri kimi qorunan məlumatı yayıb. Belə məlum olur ki, Elçibəy prezident seçiləndən az sonra, 1992-ci il iyunun 24-də Türkiyəyə səfəri zamanı oteldən yoxa çıxıb və polislər bir müddət sonra onu İstanbulda adi şəhər taksilərindən birində tapıblar.

Qəzet yazır ki, Elçibəy həmin tarixdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılmaq üçün İstanbula səfər edib. Atatürk hava limanında təyyarədən enən kimi əyilib torpağı öpüb, onu qarşılayanlara “ana vətənimiz, ata vətənimiz Türkiyədə olmaqdan məmnunluq duyduğunu” deyib. Elçibəy hava limanından birbaşa Çırağan sarayına gedib. Qaldığı suit nömrədən İstanbul boğazını və Anadolu yaxasını uzun müddət seyr edib.

Ertəsi gün səhər tezdən Elçibəy sammitdə Azərbaycanı təmsil etməliydi. Sammidə iştirak etmək üçün Rusiya prezidenti Boris Yeltsin, Ermənistan prezidenti Levon Ter-Petrosyan, Gürcüstan prezidenti Eduard Şevardnadze, Rumınya, Bolqarıstan, Moldova və digər ölkələrin rəhbərləri də İstanbula gəlmişdi. Elçibəy gecənin gec saatlarında istrahətə çəkilib.

Sammitin təşkilati işləri ilə bağlı koordinatorluğu Türkiyənin dövlət naziri Şerif Ercan həyata keçirirmiş. Səhər tezdən qonaqlar qaldıqları nömrələrdən çıxaraq sammitin keçiriləcəyi zala toplaşmağa başlayrlar. Amma Elçibəy zalda görünmür.

Dərhal Çırağan sarayı axtarılır, prezidentin harada olduğu Azərbaycan nümayəndə heyətinin üzvlərindən soruşulur. Ancaq heç kim Elçibəyin yerini bilmir. Dövlət naziri Ercan vəziyyəti dərhal dövlət naziri Cavid Cağlara bildirir. Çağlar təcili olaraq baş nazir Süleyman Dəmirəlin yanına gedir deyir: “Bəy əfəndi, sayın Elçibəyi tapa bilmirik. Onu müşaiyət edənlər də harada olduğunu bilmir. Sammit başlamaq üzrədir, Elçibəysiz bu iş olarmı? Əfəndim, nə əmr edirsiniz?”

Dəmirəl soyuqqanlı şəkildə bildirir ki, məsələni hələlik açıb-ağartmasınlar. İstanbul polisinin rəisi, sammitin təhlükəsizliyinə məsul Necdet Menzirə Elçibəyin harada olduğunu araşdırmaq üçün göstəriş versinlər. Polis rəisi əmri alandan dərhal sonra araşdırmaya başlayır, otel personalından ilk ip ucunu alır. Məlum olur ki, Elçibəy səhərin erkən saatlarında otağından çıxıb birbaşa Çırağan sarayının giriş qapısına yönəlib, küçədəki taksilərdən birinə minərək harasa gedib.

Dərhal İstanbul polisi səfərbər olur. Elçibəy qısa müddət sonra İstanbulun Anadolu yaxasında, Salacak sahilində taksidə tapılır. Polis şefləri Azərbaycan prezidentinin bu halını çaşqınlıqla izləyir, yavaş yavaş taksiyə yaxınlaşır və özlərini təqdim edir. Taksinin şüşəsi açıq imiş, polislər Elçibəyə nə kömək edə biləcəklərini soruşurlar. Elçibəy isə polislərə belə deyir: “Türkiyə aşiqiyəm. İstanbula heyranam, anavətənimizə gəlmişkən atalarımızın yaşadığı Topkapı sarayını uzaqdan da olsa seyr etmək istədim”.

Beləliklə, Azərbaycan prezidenti tapılmışdı və bu haqda polislər ratsiya ilə İstanbul polisinin rəisini məlumatlandırır. Polis rəisi isə xəbəri Cavid Çağlara çatdırır. Çağlar vəziyyəti Dəmirələ bildirir. Elçibəy polis maşını ilə Çırağan sarayına qaytarılır və sammitin keçirildiyi salonda yerini tutur. Dəmirəl təlimat verir ki, bu insident dövlət sirri olaraq gizli saxlanılsın...
Geri dön