Ana Sayfa > Özəl > BU GÜN AZƏRBAYCAN İDMANÇILARI MÜZƏFFƏR XALQIN İDMANÇILARIDIR

BU GÜN AZƏRBAYCAN İDMANÇILARI MÜZƏFFƏR XALQIN İDMANÇILARIDIR


10-01-2023, 14:34. Yazar: sevinc1
BU GÜN AZƏRBAYCAN İDMANÇILARI MÜZƏFFƏR XALQIN İDMANÇILARIDIR

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr kimi idman da uğurla inkişaf edir. Qeyd edək ki, dövlətimizin diqqət və qayğısı bu sahənin inkişafını təmin etməklə yanaşı, idman sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsinə də təkan verib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Əldə olunan nəticələr də onu deməyə əsas verir ki, idman sahəsində inkişaf olduqca uğurlu gedir. Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində mühüm nəticələr əldə ediblər.
Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksinin tikilməsi, Bakıda ən müasir idman infrastrukturunun mövcudluğu, əvvəlki illərdə tikilmiş idman obyektlərinin əsaslı təmir olunması, eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalının inşa edilməsi bu sahədə uğurların təməlində durur. Bunların arasında təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisini xüsusi qeyd etməliyik. Şübhəsiz, həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrin qurulması istiqamətində aparılan işlər öz nəticəsini verir, bu sahədə nailiyyətlər getdikcə artır.

Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik, öz ölkəsinə sadiq, Vətənini canından da artıq sevən gənc nəslin yetişməsi dövlət başçımızın böyük səyləri nəticəsində həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində mümkün olub. Vətənə ilahi sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəslin nümayəndələrinin Vətən müharibəsində göstərdikləri igidliklər, qəhrəmanlıqlar dünyada dastan oldu. Şübhəsiz, postmüharibə dövründə Azərbaycanın qarşısında erməni vəhşilikləri nəticəsində viran qalan torpaqlarımıza yeni həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlməsi, dünyanın ən inkişaf etmiş diyarlarından birinə çevrilməsi üçün çox böyük işlərin görülməsi durur.

44 günlük Vətən müharibəsi ilə Ermənistan işğalından azad olunmuş ərazilərimizdə bərpa prosesi sürətlə davam edir. Həmin bölgələrimizdə artıq bir neçə idman yarışı keçirilib və bu tədbirlərin daha geniş miqyas alması üçün işlər görülür. Yaxın perspektivdə dövlətin imfrastruktur layihələrində uğurlu iştirakı, yerli və xarici sahibkarların investisiya ilə bağlı təşviq olunması qısa zaman kəsiyində müxtəlif fəaliyyətlərin bərpa edilməsinə şərait yaradacaq.

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən ildə idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Təkmilləşdirilən idman yönümlü qurumların sayı artırılır, bələdiyyələrin, yerli və regional qeyri-hökumət orqanlarının bu sahə üzrə fəaliyyətləri gücləndirilir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi,
YAP-ın fəal üzvü

Geri dön