Ana Sayfa > Özəl > DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR


30-12-2022, 15:11. Yazar: sevinc1
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Xalqları dil, ərazi, mədəniyyət birliyi ilə yanaşı, həm də ideoloji birlik birləşdirməlidir. Biz bu baxımdan xoşbəxt xalqıq ki, güclənən, dünyada söz sahibi olan Azərbaycan adını ən mötəbər beynəlxalq tribunalardan ehtiramla səsləndirilməsini diktə edən müstəqil bir dövlətimiz var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir. Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər. Bu gün dövlətimizin başçısının çağırışına səs verən dünyada yaşayan bütün azərbaycanlılar ölkəmiz üçün həlledici məqamlarda həmrəylik nümayiş etdirərək haqq səslərini ucalda bilirlər.
Bu tarix 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu günün qeyd olunması isə ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir. Ulu Öndərimizin bütün dünya azərbaycanlılarına ən böyük əmanətlərindən biri də elə budur.
1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Məhz bu müqəddəs amallara çatmaq üçün 1991-ci il dekabrın 16-da Ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilib. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olub.
Milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü

Geri dön