Ana Sayfa > Özəl > Rəşad Cəbrayılov : “Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ümummilli lider Heydər Əliyevin ideyaları durur”

Rəşad Cəbrayılov : “Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ümummilli lider Heydər Əliyevin ideyaları durur”


29-12-2022, 09:30. Yazar: sevinc1
Rəşad Cəbrayılov : “Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ümummilli lider Heydər Əliyevin ideyaları durur”

“Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət xətti sadəcə Azərbaycan vətəndaşlarının deyil, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın rifah yüksəlişini, təhlükəsizlik və azadlıqlarının təminatını özündə ehtiva edir. Bu məqsədlərə nail olmağın ən zəruri şərtlərindən biri isə əlbəttə ki, dünya azərbaycanlılarının ən yüksək səviyyədə həmrəyliyinə və təşkilatlanmalarına nail olmaqdır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev bu məsələləri daim xüsusi diqqət mərkəzində saxlayırdı. Məhz həmrəylik gününü təsis etməklə Ümummilli Lider xalqımızın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov deyib.

Rəşad Cəbrayılov bildirib ki, Həmrəylik gününün qeyd edilməsi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır: “İlk dəfə 1991-ci il dekabrın 16-da, Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi və artıq 30 ildir ki, bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq olduğu ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ümummilli Lider Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.” Məhz bu fikirlər mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında durur.”

Daha sonra R.Cəbrayılov Dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin institutlaşdırılmasının əhəmiyyətini vurğulayaraq bunları deyib: “2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Dünyanın 36 ölkəsindən 200­dən çox təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcını qoymaqla bütün dünyada yaşayan soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Məhz bu qurultaydan sonra Azərbaycan dövlətinin diaspor işi mərkəzləşdirilmiş və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) təsis olundu və xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləyən qanun qəbul edildi. Bu gün Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdirilir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bu gün dünya azərbaycanlılarının institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf prosesi sürətlə davam edir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi. Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Milli mənsubiyyətinə ən yüksək dəyəri verən Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Ulu Öndərin bu kəlamları bu gün hər bir azərbaycanlı üçün əsil milli qürur rəmzinə çevrilmişdir.”
Geri dön