Ana Sayfa > Özəl > Xalqı birləşdirən Qələbə

Xalqı birləşdirən Qələbə


29-12-2022, 12:34. Yazar: sevinc1
Xalqı birləşdirən Qələbə

Həmrəylik günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.
Dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərman imzaladı. Bu Fərmanla da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Yeni fərman müxtəlif ölkələrdə azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan ulu öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Hazırda Prezident İlham Əliyev ulu öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Hələ 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Bu birlik 44 günlük şanlı Vətən müharibəsi zamanı özünü daha parlaq şəkildə göründü. Vətən müharibəsi xalqımıza xas olan bu xüsusiyyəti qabarıq şəkildə nümayiş etdirməklə tariximizə ən şanlı, parlaq səhifə kimi daxil oldu. Düşmənə sipər olan qəhrəman, qüdrətli və qalib Ordumuz xalqın həmrəyliyi, mənəvi dəstəyi ilə bu Vətən Müharibəsində tarixi qələbə qazandı.
Xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi günlərində nümayiş etdirdikləri həmrəylik özü də ayrı bir tarix yazdı.
44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla kifayətlənməmişlər. Onlar, həmçinin Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərimizə maddi dəstək göstərilməsini də diqqətdə saxlamışlar. Könüllü şəkildə yığılan maddi vəsaitlər birbaşa olaraq öz ünvanına çatdırılımışdır.
Birliyimiz gücümüz, inkişafımızın qaynağıdır. Hər zaman bir olub həmrəyliyimizi nümayiş etdirməli, xalqımızı uğurlu gələcəyə daşımalıyıq.

Fatimə Talıbzadə Astan,
Nəsimi rayon təhsil işçisi
Geri dön