Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-4 > Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”

Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”


29-12-2022, 09:31. Yazar: sevinc1
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”

ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda yeni Qayıdış Konsepsiyası və ölkə ictimaiyyətini maraqlandıran digər mövzular ətrafında AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır (müsahibənin davamı).

- Eldar müəllim, məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində vacib prioritet istiqamətlərdən biri də türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Lakin bununla bərabər Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını da daim xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan cənab Prezident İlham Əliyevin dekabrın 14-də Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfərinin əhəmiyyəti barədə nə deyə bilərsiz?

- İlk növbədə deməliyəm ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına hələlik yalnız müşahidəçi qismində üzv olduğu nəzərə alınarsa, bu Sammitin əhəmiyyəti özünü daha qabarıq şəkildə göstərmiş olar. Sözsüz ki, bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər üzərində sıx bağlılığı olan bu üç ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi və güclənməsi nəticə etibarı ilə Türkmənistanın Təşkilata tam inteqrasiyasını daha da sürətləndirəcək. Həmçinin Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulmuş olması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi çıxış edir. 2021-ci ildə imzalanmış və Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Şuşa Bəyannaməsi, eləcə də 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə bunu deməyə əsas verir. Ölkələrimiz arasında münasibətlərin səmimi dostluq əlaqələri əsasında formalaşdığını təsdiqləyən daha bir məqam da Türkiyə, Azərbaycan və Türkmənistanın bir-birilərinə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərmələri ilə bağlıdır. O cümlədən ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər. Xüsusilə qeyd olunmalıdır ki, bu gün Azərbaycan, Türkiyə və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uğurla inkişaf edir və bu istiqamət böyük perspektivlərə malikdir. Prezident cənab İlham Əliyevin də Sammitdəki çıxışında qeyd etdiyi kimi, bu günə qədər həm Azərbaycan, həm Türkiyə, həm də Türkmənistan tərəfindən bir çox irimiqyaslı infrastruktur layihələri icra edilmişdir ki, bunlar da öz növbəsində ölkələrimiz arasında nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan həm Cənubi Qafqazda, həm də Xəzər dənizi hövzəsində yeni, unikal əməkdaşlıq imkanları yaradıb. Təbii ki, bu imkanların tam reallaşması üçün Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində olan bütün ölkələrin tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə mühüm töhfə olacaq.

- Az öncə biz Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə fikir mübadiləsi apardıq. Əminəm ki, hazırda icrası davam edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” barədə fikirləriniz də oxucularımız üçün çox maraqlı olar...

- Məlum olduğu kimi, 2022-ci il noyabr ayının 16-da Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiq olunmuş Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələlər, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Bu gün azad edilmiş ərazilərə xalqımızın Böyük Qayıdışının təmin edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətimizin güclənməsi naminə apardığı sistemli işlərin məntiqi davamıdır. Bu müstəsna önəm daşıyan tarixi sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, dairəvi iqtisadiyyat və yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxmışdır. Dövlət Proqramının hazırlanması zamanı sözügedən amillər ətraflı araşdırılmış, onların mümkün təsirləri təhlil edilmiş, “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Həmçinin Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.

- Eldar müəllim, artıq iki gündən sonra xalqımız, eləcə də bütün dünyada yaşayan soydaşlarımız 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük coşqu ilə qeyd edəcəklər. Məhz bu həmrəyliyin, yəni dünya miqyasında həmrəyliyimizin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizə verdiyi töhfələr barədə nələri deyə bilərsiz?

- Əminliklə deyə bilərəm ki, dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz təcəssümü məhz Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və antiazərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazlarında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri ilə tarixi Qələbəmizə layiqli töhfələr vermələrində öz əksini tapdı. Həmçinin müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz Ali Baş Komandanının yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət xətti sadəcə Azərbaycan vətəndaşlarının deyil, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın rifah yüksəlişini, təhlükəsizlik və azadlıqlarının təminatını özündə ehtiva edir. Bu məqsədlərə nail olmağın ən zəruri şərtlərindən biri isə əlbəttə ki, dünya azərbaycanlılarının ən yüksək səviyyədə həmrəyliyinə və təşkilatlanmalarına nail olmaqdır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev bu məsələləri daim xüsusi diqqət mərkəzində saxlayırdı. 1991-ci il dekabrın 16-da həmrəylik gününü təsis etməklə Ümummilli Lider xalqımızın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Artıq 30 ildir ki, bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Həmrəylik gününün qeyd edilməsi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı arasında birlik və həmrəyliyin yaradılmasında mühüm amildir. Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfələr verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.” Məhz bu fikirlər mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında durur.
Fürsətdən istifadə edib, mən də başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uca Allah xalqımızı, dövlətimizi və Prezidentimizi qorusun, ən parlaq qələbələr hər zaman bizimlə olsun!

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az

Geri dön