Ana Sayfa > Özəl > Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyəti və uğurları danılmazdır.

Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyəti və uğurları danılmazdır.


27-12-2022, 10:42. Yazar: sevinc1
Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyəti və uğurları danılmazdır.

Azərbaycan Demokratik Respublikasının (ADR) meydana gəlməsi şübhəsiz Qafqazda və onun ətrafında gedən geniş miqyaslı proseslərin məhsulu idi. Çar Rusiyasında və onun Qafqazdakı ərazilərinin qonşuluğunda – Osmanlı İmperiyası və İranda baş verən dəyişikliklərin də ciddi təsiri var idi. ADR elitasının həm müsəlman, həm də qeyri-müsəlman çevrələri Romanovların hamiyyətinin son dövründə təşəkkül tapmışdı.
Şübhəsiz ki, bu gün hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Məhz 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir.
Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.
Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı
Həm qədim dövlətçilik ənənələrinə, həm də müasir idarəçilik mədəniyyətinə sahib olan Azərbaycanda da milli istiqlaliyyət uğrunda mübarizə xalqımızın milli mücadiləsinin əsasını təşkil edirdi. Azərbaycan ziyalılarının, görkəmli ictimai-siyasi xadimlərin mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumasında zəngin idarəçilik təcrübəsi qazanmışdılar. Onlar müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu demokratik respublika sistemi yaratmaq iddiası və iradəsində idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumasında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması reallığı tarixi zərurətdən doğurdu.
1917-ci ilin oktyabrında çar Rusiyasında baş verən hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi. Zaqafqaziya Seyminin ən aktiv üzvləri olan Azərbaycan nümayəndələri 1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin – Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Bununla belə, istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin ziddiyyətlərin ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı və mayın 25-də gürcü nümayəndələr, mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən ayrıldıqlarını bəyan etdilər. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verildi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında çox mühüm qərarlar qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hər etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər.
1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.

Hüseynli Billurə,
Nəsimi rayon sakini

Geri dön