Ana Sayfa > Özəl > Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub

Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub


27-12-2022, 10:39. Yazar: sevinc1
Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub

Azərbaycan xalqının qədim, unudulmaz tarixi var. Əsrlər boyu Azərbaycanın ərazisində müxtəlif qədim dövlət qurumları və dövlətlər olmuşdur. Bu dövlətlərdə xalqı üçün savaşan qorxmaz sərkərdə, torpaq üçün savaşan igid savaşçıları olmuşdur. Bu igidlik, qorxmazlıq doğma Vətənə, torpağa olan sevgidəndir. Bu sevgi xalqın doğma yaddaşına çevrilmişdir.
İndi artıq elmimizin qədim Albaniya coğrafiyasını qarış-qarış dolaşmaq, həm antik, həm də orta əsrlər alban irsinə aparan yeraltı-yerüstü cığırları tapıb kol-kosdan təmizləmək, əgər erməni keşişləri hamısını yandırmayıblarsa, ehtimal olunan dərinliklərdən əski əlyazmaları gün işığına çıxarıb alban əlifbasını oxumaq, yüz illər boyu bu torpaqlarda dövran sürmüş bir xalqı (yaxud xalqları) dilləndirmək, qaranlıq zamana, zülmət dünyaya çıraqla dönmək üçün zəmini var. Uzun illər saxta erməni tarixşünaslığı dünyanı Qafqaz Albaniyası deyilən bir məmləkətin tarixdə yerli-dibli olmadığına, bu adın şərqi Ermənistan vilayətlərinə verildiyinə inandırmağa çalışıb. Günü bu gün də öz millətinə saxta pasport, uydurma tərcümeyi-hal düzəltməyə çalışan tarix oğruları, din çapovulçuları Arsak, Sünik kimi alban knyazlıqlarının adını mənimsəməklə qədim dövlətimizin ətəyindən kor inadla sallaşıblar.
Ulu öndərin “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı xalqa müraciəti tarix elminə böyük və qiymətli töhfədir. Heydər Əliyev həmin müraciətində Azərbaycanın qədim sivilizasiyanın mərkəzlərindən biri olduğunu, xalqımızın beş min ildən artıq dövlətçilik tarixinə malik olmasını nəzərə çatdırır. Həm də tarix və müasirlik arasında sıx və qırılmaz vəhdət olduğunu əsaslandırır. Keçmişdə baş vermiş hadisələr heç də tamamilə keçmişdə qalmayıb, müasir həyatın strukturuna daxil olaraq onu istiqamətləndirir. Ulu öndər eyni zamanda tarixin həm də çağdaş proseslərin iştirakçısı kimi nəzərə alınmasını tövsiyə edir.
Xalqımıza və dövlətimizə sözdə deyil, məhz əməli xidmətin nəticəsidir ki, bugünkü müstəqil Azərbaycan artıq Avropanın da enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkiyə malikdir. Bu reallığın əsası isə Prezident İlham Əliyev tərəfindən hələ 11 il bundan əvvəl qoyulub. Azərbaycan ilə Avropa İttifaqı arasında Xəzərdən Avropa ölkələrinə qaz nəqli marşrutlarının yaradılması təşəbbüsünü dəstəkləyən birgə Bəyanatın altında məhz onun imzası dayanır. 2011-ci ildən başlayaraq, geostrateji əhəmiyyətli bu layihə üzərində genişmiqyaslı işlərə başlanıldı. Düz iyirmi il sonra, 2014-cü il sentyabrın 20-də, məhz Bakı-Tbilisi-Ceyhan Neft Kəməri ilə bağlı kontraktın imzalandığı gün Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin mayında Bakıda, iyun ayında isə Əskişəhərdə Trans-Anadolu qaz boru kəmərinin açılışı baş tutdu. 2019-cu il noyabrın 30-da isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsi istifadəyə verildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə isə hər birimiz üçün əlamətdar olan bir gündə-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə başlanıldı. Şəxsi təbliğ məqsədini güdən pafos müəllifi ilə praqmatik siyasətçinin, yalnız gözəl söz söyləyənlə Vətənə əməldə xidmət edənin fərqi bundadır.
Xalqımızın tarixi keçmişinə, çağdaş dövrə konseptual qiymət verən, zəngin mənəvi dəyərlərimizi ümumiləşdirən, milli ideyaları təcəssüm etdirən proqram səciyyəli həmin sənəd tarixçilərimiz, habelə, bütün icimaiyyətşünas alimlər qarşısında məsul vəzifələr qoydu. Xalqın tarixini dərindən bilən, onun ənənələrinə ehtiramla yanaşan ulu öndərin həmvətənlərinə həmişə “tariximizi, tarixi ənənələrimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə qura bilmərik” tövsiyəsi xüsusi aktuallıq kəsb edir. Bir daha yəqin edirsən ki, tarixi ənənəyə xor baxmaq işə ziyan vurur. Tarixi şəxsiyyət və lider kimi bu ideyanın həyata keçirilməsi üçün o, nəhəng işlər gördü.
Bu torpaqlar bizə atalarımızın əmanətidir.
Min illərdir üzərində hakimiyyətimizin olduğu bu torpaqların dəyəri yüksəkdir.
Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Vətən uğrunda nə qədər qurbanlar verilib. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqın qorunması vacib müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. Uğrunda minlərlə şəhid verdiyim bu torpağın mənəvi dəyəri çox yüksəkdir.

Zərinə Hümbətova
Azərbaycan Dövlət Pedaqoji Universiteti , YAP üzvü

Geri dön