Ana Sayfa > Siyasət > Azərbaycan ictimaiyyətinin haqlı tələbləri təmin olunmalıdır
Azərbaycan ictimaiyyətinin haqlı tələbləri təmin olunmalıdır22-12-2022, 13:48. Yazar: sevinc1 |
![]() Artıq on gündürki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqları Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Laçın yolunda etiraz aksiyası keçirirlər. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Məlum olduğu kimi, 30 ilə yaxın müddət ərzində davam etmiş işğal dövründə erməni qəsbkarları Azərbaycan ərazilərində soyğun, talançılıq, hərbi cinayətlərlə yanaşı davamlı olaraq ekoloji terror da həyata keçirmişdir. Bu əməllər nəticəsində ölkəmizin təbiətinə, su mənbələrinə ciddi ziyan vurulmuşdur. Münaqişənin başa çatmasından artıq iki ildən çox müddət keçsə də, Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətləri davam etməkdədir. O cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarında aparılan qeyri-qanuni qazıntı və emal işləri nəticəsində təbii sərvətlərin talan edilməsi davam edir. Digər tərəfdən də Ermənistan hər zamankı kimi, öz yalan və böhtan siyasətini davam etdirərək Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə beynəlxalq ictimaiyyətin diqqətini məsələnin əsl mahiyyətindən yayındırmağa çalışır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və qətiyyən həqiqəti əks etdirmir. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin isə qarşısı mütləq alınmalıdır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır. Qeyd olunmalıdır ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Həmçinin qeyd olunmalıdır ki, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəaları da hələ ki, yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur və 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |