Ana Sayfa > Manşet / Media > Əhməd İsmayılov Astanada Xankəndi-Laçın yolundakı aksiyadan

Əhməd İsmayılov Astanada Xankəndi-Laçın yolundakı aksiyadan


21-12-2022, 10:49. Yazar: sevinc1
Əhməd İsmayılov Astanada Xankəndi-Laçın yolundakı aksiyadan

20 dekabr tarixində Astana şəhərində keçirilən və dünyanın müxtəlif ölkələrindən olan rəsmilər, media və biznes nümayəndələri, siyasi xadimlər, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların medianın inkişafı üzrə təmsilçiləri, həmçinin müasir dövrün qlobal problemləri üzrə alim və ekspertlər daxil olmaqla 300-dən çox iştirakçını əhatə edən I Mərkəzi Asiya Media Forumunda Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.

Bu barədə aia.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Media Forumun “Vahid media platformasının formalaşdırılması perspektivləri” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq media vasitəsilə dünya ictimaiyyətinə obyektiv və düzgün çatdırılması məqsədilə Azərbaycan və Türkiyənin birgə media platforması yaradılıb, həmçinin Özbəkistan və Qazaxıstan Respublikalarının analoji qurumları ilə Anlaşma Memorandumları imzalanıb. Vurğulanıb ki, dövlətlərimizə və cəmiyyətlərimizə qarşı yönəlmiş dezinformasiya kampaniyalarına qarşı mübarizə kontekstində ölkələrimizin media qurumları arasında sıx əməkdaşlıq son dərəcə vacibdir.

Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması kimi xəbərlərin ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasının son nümunəsi olduğu diqqətə çatdırılaraq bildirilib ki, reallıqda Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı etiraz aksiyası keçirir və mülki nəqliyyatın keçməsi üçün hər cür şərait yaradırlar. Vurğulanıb ki, bu həqiqəti beynəlxalq auditoriyaya effektiv şəkildə çatdıra bilmək olduqca əhəmiyyətlidir və bunun üçün birlikdə çalışmalıyıq.

Qeyd edək ki, Media Forumun əsas müzakirə mövzuları “yeni medianın inkişafı”, “informasiya təhlükəsizliyinin təmin edilməsi üçün regional və qlobal əməkdaşlıq imkanları”, “media sahəsində süni intellekt texnologiyaları”, “Mərkəzi Asiyada yaradıcı sənayenin inkişafı”, “vətəndaş cəmiyyətinin və biznes əlaqələrinin inkişafında medianın rolu”dur.

aia.az
Geri dön