Ana Sayfa > Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Ermənistan Qarabağda mövcud olan separatçı qüvvələri dəstəkləməyə, ölkəmizə qarşı hərbi cinayətlər törətməyə və ərazi iddiaları ilə çıxış etməyə dərhal son qoymalıdır”

Novruzəli Aslanov: “Ermənistan Qarabağda mövcud olan separatçı qüvvələri dəstəkləməyə, ölkəmizə qarşı hərbi cinayətlər törətməyə və ərazi iddiaları ilə çıxış etməyə dərhal son qoymalıdır”


17-12-2022, 10:20. Yazar: sevinc1
Novruzəli Aslanov: “Ermənistan Qarabağda mövcud olan separatçı qüvvələri dəstəkləməyə,  ölkəmizə qarşı hərbi cinayətlər törətməyə və ərazi iddiaları ilə çıxış etməyə dərhal son qoymalıdır”

“Azərbaycan növbəti dəfə beynəlxalq ədalətsizliklə üz-üzə gəlib. Bu gün yenə də Azərbaycan Respublikasının suveren ərazisi olan və müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi Laçın yolu ətrafında cərəyan edən hadisələrin mahiyyəti təhrif olunmuş formada dünya ictimaiyyətinə təqdim edilməsinə cəhd göstərilir və bəzi dövlətlər özlərinin Xarici İşlər Nazirlikləri səviyyəsində əsassız və qərəzli bəyanatlar səsləndirməklə ölkəmizə təzyiq göstərməyə çalışırlar. Halbuki, məsələnin əsli bundan ibarətdir ki, Ermənistan 30 il davam edən işğal dövrü ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi və ekoloji cinayətlərini bu gün də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdə davam etdirir və Azərbaycan ictimaiyyəti buna haqlı etirazlarını bildirir. Məlum olduğu kimi, bu ilin dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinq keçirmələri ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılıb. Bu məqsədlə bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Monitorinqin aparılmasına dair razılıq əldə olunsa da dekabrın 10-da Azərbaycan nümayəndələrinin sözügedən ərazilərə səfərinə maneçilik törədilib. Məhz bu səbəbdən də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyasına başlayıblar. Bu aksiya bütün Azərbaycan xalqının haqlı narazılığının göstəricisidir və hər kəs buna hörmətlə yanaşmalıdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.


Fikirlərini davam etdirən deputat bildirib ki, Erməni cinayətlərinin beynəlxalq etirafı öz əksini ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə də tapıb. N.Aslanovun sözlərinə görə ayrı-ayrı ölkələrin məsələyə qərəzli yanaşmaları ermənilərin Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyətini və təbii sərvətlərin qanunsuz istismarına yönəlmiş hərəkətlərini, eləcə də davam edən hərbi cinayətlərini təqdir etmək anlamına gəlir: “Yaxşı olardı ki, Hollandiya, Kanada və Yunanıstan hökumətləri baş verənlərə münasibət bildirmədən öncə ən azından Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətini və ermənilərin törətdikləri ekoloji terror faktlarını təsdiq edən beynəlxalq sənədlərlə tanış olsunlar. Daha sonra özlərinə belə bir sual versinlər ki, niyə onlar Ermənistanın bu gün də, yəni işğala son qoyulduqdan və Qarabağ münaqişəsi başa çatdıqdan sonra da Azərbaycan ərazilərinə davamlı olaraq Laçın dəhlizi vasitəsilə silah-sursatın və təkcə postmüharibə dövründə artıq yüzlərlə insanın ölümünə səbəb olmuş minaların hələ də daşınması, ölkəmizin təbii sərvətlərinin talan edilməsi, qiymətli metal və digər yataqların qanunsuz istismarı nəticəsində Azərbaycan təbiətinin məhv edilməsi kimi cinayət əməllərini dəstəkləyir və təqdir edirlər? Əminəm ki, bu sualın cavabı təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünya ictimaiyyəti üçün maraqlı olar. Təbii ki, siyasi motivlər öz yerində, lakin digər tərəfdən də Azərbaycanın təbii sərvətlərinin talanmasında iştirak edən xarici şirkət və korporasiyalar arasında məhz bu gün bizə təzyiq etməyə çalışan ölkələrin təmsilçilərinin də yer aldığını istisna etmək olmaz. Hətta böyük ehtimalla Azərbaycanın öz ərazilərində suverenliyini məhdudlaşdırmağa çalışan qüvvələr məhz həmin korporasiyalar tərəfindən yönəldilirlər. Təbii ki, bu məqamda iqtisadi qazanc əldə edən korporasiyalarla Cənubi Qafqazı daimi hərbi münaqişə regionu olaraq görmək istəyən güclərin maraqları üst-üstə düşür. Rəsmi İrəvan isə hər zaman olduğu kimi, öz prinsipsizliyi ilə yenə də xarici qüvvələrin əlində bir alət olmaqdan zövq alır. Faktiki olaraq Ermənistan hökuməti 2020-ci ildə imzalanmış 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən vacib bəndlərini kobud şəkildə pozur. Erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmaması Bəyanatın 4-cü bəndinin, Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunması 6-cı bəndin, bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törətməklə 9-cu bəndin şərtlərinin pozulması deməkdir. Digər tərəfdən isə, rəsmi İrəvan Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərlə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyini göstərir ki, bu da Paşinyanın Praqa və Soçi görüşlərinin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə növbəti dəfə qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Ermənistan birmənalı olaraq Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi ilə müşayiət olunan əməllərinə, həmçinin Qarabağda mövcud olan separatçı qüvvələri dəstəkləməyə, ölkəmizə qarşı hərbi cinayətlər törətməyə və ərazi iddiaları ilə çıxış etməyə dərhal son qoymalıdır. Yalnız bu yolla Cənubi Qafqazda sülhə və inkişafa nail olmaq mümkündür və dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar da öz səylərini məhz bu istiqamətə yönəltməlidirlər”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön