Ana Sayfa > Seçki 2024 > Azərbaycanın Zirvə görüşündə iştirak etməsi bölgədə Lider dövlət olduğunu sübut eləyir!

Azərbaycanın Zirvə görüşündə iştirak etməsi bölgədə Lider dövlət olduğunu sübut eləyir!


16-12-2022, 15:27. Yazar: sevinc1
Azərbaycanın Zirvə görüşündə iştirak etməsi bölgədə  Lider dövlət olduğunu sübut eləyir!

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. Zirvə görüşü ölkələrimiz arasında mövcud olan çoxşaxəli ikitərəfli münasibətləri tamamlayan, ortaq maraq və fayda əsasında dövlətlərimiz arasında əlaqələrin daha da inkişafı məqsədini güdən Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində mühüm mərhələ təşkil edəcəkdir. Birinci Zirvə görüşünün Birgə Bəyanatı, energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində üçtərəfli sənədlər bu istiqamətdə atılan əməli addımlar təşkil edir. Bu görüşlərdə önəmli məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın gələcəkdə hər iki ölkə ilə logistik nəqliyyat dəhlizlərinin olması, dəniz vasitəsilə əlaqələrinin mövcudluğu iqtisadi baxımdan əhəmiyyətlidir. Görüşlərdə bu kimi mühüm məsələlər ətrafında danışıqlar aparıldı. Digər tərəfdən, Azərbaycan dünya bazarına karbohidrogen ehtiyatlarını çıxaran ölkələrdəndir. Bu baxımdan da, əməkdaşlığın müsbət nəticələri özünü göstərəcək. Bu da onu göstərir ki, hər üç ölkə prezidentinin görüşü bu yöndə həm böyük təminat olacaq, həm də iqtisadi baxımdan çox sərfəli olacaq. Azərbaycan hər iki ölkə arasında quru sərhədinə malik olan bölgədə yerləşir. Burada ölkəmizin üstünlüyünün olması çox əhəmiyyətlidir. Çünki Azərbaycan gələcəkdə bir çox layihələrdə bu baxımdan önəmli rol oynayacaq. Ölkələrimizin birgə iştirak etdiyi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam etdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimizin inkişaf etməsini, dialoqun intensivləşdiyini müşahidə etmək məmnunluq doğurur.
Münasibətlərimizin üçtərəfli formatda inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və əminik ki, bu xüsusda regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsi nəticəsində ciddi nailiyyətlər əldə olunacaq. Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq ilə regionumuzun nəqliyyat və tranzit potensialının tam həcmdə reallaşdırılması həm öz dövlətlərimiz və xalqlarımız, həm də bütünlükdə geniş Avrasiya regionunda iqtisadi inkişaf və rifahın təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ticarət dövriyyəsinin artırılması şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, eyni zamanda tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrin tranzit potensialının gücləndirilməsi üçün səylərin artırılması və Azərbaycan, Türkiyə və Türkmənistanın dəniz limanları arasında əməkdaşlığın təşviq edilməsi vacibdir. Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolu oynayır. Nəqliyyatın asanlaşdırılması və tranzit yolu ilə ticarət əlaqələrinin inkişaf etdirilməsini hədəfləyən ölkələrimizin tərəf olduğu Lapis Lazuli layihəsinin də önəmi qeyd olunmalıdır. Bu baxımdan, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, həm də ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək. Eyni zamanda, enerji təhlükəsizliyinin aktuallığının əhəmiyyətli dərəcədə artması dövlətlərimiz arasında bu sahədə də mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini nümayiş etdirir. Geniş coğrafiyamızda baş verən mühüm dəyişikliklər və regionumuzun, eləcə də ümumilikdə türk coğrafiyasının əhəmiyyətinin artması fonunda, bir tərəfdən ortaya çıxan yeni çağırış və təhdidlərlə mübarizənin təşkili, digər tərəfdən isə xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə yeni fürsətlərdən səmərəli istifadə olunması məqsədilə birgə fəaliyyətimizin gücləndirilməsi olduqca vacibdir. Ölkələrimiz arasındakı hörmət və etimad ənənələrinə əsaslanan qardaşlıq və dostluq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcək və daimi olacaq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Geri dön