Ana Sayfa > Seçki 2024 > Cari ilin 14 dekabr tarixində Üçtərəfli Zirvə Görüşü

Cari ilin 14 dekabr tarixində Üçtərəfli Zirvə Görüşü


15-12-2022, 13:41. Yazar: sevinc1
Cari ilin 14 dekabr tarixində Üçtərəfli Zirvə Görüşü

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Bu gün Türkiyə-Azərbaycan-Türkmənistan əlaqələri ən yüksək səviyyədədir .Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
 Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan ikinci ölkə – Türkiyə ilə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi təxminən $4.7 mlrd. olub ki, bu da əvvəlki illə müqayisədə 12% çoxdur. 2021-ci ildə Türkiyənin Azərbaycandan etdiyi idxalın həcmi 2020-ci illə müqayisədə 8.5% artaraq $2.8 mlrd.-a, Azərbaycana ixracatının həcmi isə 18% artaraq $1.8 mlrd.-a çatıb. 2021-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmində Türkiyənin payı 13.8% olub.
Qeyd edək ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini $15 mlrd.-a çatdırmaq niyyətindədir.
 Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir.
 Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
 Hazırda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi şimal qonşumuzun əsas ümid yeridir. Onu da qeyd edək ki, Rusiyanın Zəngəzur dəhlizinə maraq göstərməsi də alternativ marşrut əldə etmək istəyi ilə bağlıdır. Zəngəzur dəhlizinin fəaliyyəti Rusiya üçün yeni bir nəfəsliyin açılması deməkdir. 
"Şimal-Cənub" dəhlizinin fəaliyyətə başlaması Çinin də marağındadır. Bu ölkə də ABŞ-la yaranan gərginlikdən, ola biləcək sanksiyalardan yayınmaq üçün yeni marşruta maraq göstərir.
Beynəlxalq aləmdə baş verən bütün bu yeni iqtisadi münasibətlər isə ölkəmizin xeyrinədir. Belə ki, Azərbaycan Avropa İttifaqı ilə yeni müstəvidə iqtisadi münasibətlər qurur. Azərbaycan həmçinin Avropa üçün mühüm tranzit ölkəsi kimi də önəmli rol almağa başlayıb. "Şərq-Qərb", "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat dəhlizlərində açar ölkə Azərbaycandır. Ölkəmizin dünya ticarətinin aparılmasında önəmli rol oynaması bizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır. Beləliklə, Azərbaycan dünyada mühüm əhəmiyyət daşıyan tranzit ölkəsi kimi yeni status qazanır.
 Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti vardır. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra, Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişəcəyi barədə istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb və ərəb dövlətlərinin, həmçinin və Çin KİV-lərində çoxsaylı yazılar dərc olunur.  Həmin materiallarda Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir. Eyni zamanda, hətta bəzi ekspertlər Zəngəzur dəhlizi açıldıqdan sonra Çinin əldə edəcəyi faydanı hesablamağa çalışırlar.
Yuxarıda söylənilənlərdən aydın olur ki, bu dəhlizin açılması regional və beynəlxalq yükdaşımalarda əsas “həlqə” statusunu qazanacaqdır. Azərbaycan Prezidebti bu dəhlizin açılması ilə bağlı istər müharibənin gedişi zamanı, istərsə də ondan sonra  rəsmi Bakının bu sahədə olacaq istənilən əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan etmişdir. O bildirmişdir ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Əgər  müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmaq istəyirsə, Azərbaycan tərəfindən hər hansı bir maneə olmayacaqdır.
Prezident İlham Əliyev öz nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”. Bu bir milli hədəf və Ulu Öndərin həyata keçirmək istədiyi tarixi missiyanın davam etdirilməsi anlamına gəlir. Bu ilin feral ayında keçirilən YAP-ın VI qurultayında etdiyi çıxışda bildirdi ki, “Tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.
 Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
 Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Layihənin əhəmiyyəti tarixi İpək Yolu üzərində vaxt və məsafə baxımından nəqliyyatçılarımız üçün ən sərfəli imkanları təqdim etməsindədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.
 

Səfər çərçivəsində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri:
1. “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”;
2. “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”;
3. “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”;
4. “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”;
5. “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”.

Hüseynli Nərmin,
YAP-ın üzvü
Geri dön