Ana Sayfa > Özəl > Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr.

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr.


15-12-2022, 13:34. Yazar: sevinc1
Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr.

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. 
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. 
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. 
Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. 
Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. 
Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. 
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 
2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır. 
Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görülür. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. 
2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. 
Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.
Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulmuşdur. 
2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. 
Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. 
Fatimə Talıbzadə,
Azərbaycan Dövlət Pedaqoji Univeristeti
Geri dön