Ana Sayfa > Özəl > Zəngəzur dəhlizi
Zəngəzur dəhlizi15-12-2022, 13:32. Yazar: sevinc1 |
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Azərbaycan SSR hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb edir. 10 avqust 1920-ci il tarixində RSFSR ilə Birinci Ermənistan Respublikası arasında bir müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə RSFSR-in Qırmızı Ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini nəzrətə götürür. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarılır. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olunur. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunUR. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur – əhalisinin bir hissəsi kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmiş olur.. Bununlada Azərbaycan ilə onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqəsi kəsilir. Üstəlik 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin (1930-cu ilin əvvəllərində) torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Bununlada Azərbaycanın əraziləri arasında məsafə daha da artmışdır. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. 44 günlük Vətən müharibəsi yalnız 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə bitmədi, həm də qalib tərəf olaraq Azərbaycana böyük imkanlar yaratdı. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşdiricisi rolunu oynayacağını bildirib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcəkdir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də "Şərq-Qərb" nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının qatılması baxımından əhəmiyyətli olacaqdır. Bu dəhlizin açılmasıyla ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin əsas məqsədlərindən biri türk dünyasında quru sərhədinin ləğv edilməsi olub. Həmin qüvvələr buna qismən nail də olmuşdular. Azərbaycandan Naxçıvana getmək üçün insanlar İran ərazisindən keçirdilər. Bəzi yükdaşımalar zamanı istər-istəməz müəyyən problemlər yaranırdı. Bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaqdır. Kommunikasiyaların işə düşməsi boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir. Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu, türk dünyasının birləşməsi deməkdir. Bütün bunların fonunda dəhlizin əhəmiyyəti hər kəs üçün aydındır. Beləliklə, Zəngəzur dəhlizinin açılışı Azərbaycanın siyasi-strateji mövqeyini xeyli yüksəltməklə, onun iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artıracaqdır. Beynəlxalq ekspertlərin fikrincə, Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirəcək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, hazırda ağır sosial-iqtisadi durumda olan Ermənistana olduqca vacibdir. Məhz bu səbəbdən əngəl yaratmaq əvəzinə Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan tərəfi daha çox maraqlı olmalıdır. Zərinə Hümbətova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |