Ana Sayfa > Özəl / Parlament > Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir

Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir


12-12-2022, 16:48. Yazar: sevinc1
Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir

Azərbaycanda elə bir sahə yoxdur ki, həmin sahədə ulu öndər Heydər Əliyevin xidmətləri olmasın. Ulu Öndər hələ sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi vaxt Azərbaycanın gələcəyini düşünmüş və bunun üçün əməli fəaliyyətlə məşğul olub. Belə ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. Gənclərin o zamankı SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi. Onların təhsildən sonra qayıdaraq ölkəmizin inkişafında fəal iştirakı, iqtisadiyyatın yüksək səviyyədə nailiyyətlərlə irəliləməsi, Azərbaycanın aqrar ucqardan sənaye respublikasına çevrilməsi kimi qlobal məsələlərin hamısında Heydər Əliyev imzası, Heydər Əliyev ideyası dayanır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çətin günlər yaşadığı vaxt xalqın təkidli tələbi ilə Bakıya qayıdan və ölkə Prezidenti seçilən Heydər Əliyev ölkəni üzləşdiyi ciddi problemlərdən xilas etdi. Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail olan Heydər Əliyev ölkədə nizami ordu formalaşdıraraq güclü ordu yaradılmasının əsasını qoydu.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Ulu Öndər Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Bununla da tariximizin şanlı səhifəsi başlanmış, xalq öz dövlətçilik ənənələrinin dirçəldilməsini alqışlamışdır.
Ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə birləşdirən bu unikal şəxsiyyətin titanik fəaliyyəti heyrətamiz dərəcədə çoxşaxəlidir. Bu mənada müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin tarixi şəxsiyyətlər və liderlər arasında özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olub. Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir.
Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. İlk dəfə milli Konstitusiaymızın qəbul olunması, müstəqilliyin ən mühüm atributu olan bu sənəddə demokratiya və insan hüquqları sahəsində atılan addımlar az bir müddətdə çox böyük bir iş idi. Bu böyük prosesin başlanğıcında Ulu Öndər deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”. Bəli, o böyük şəxsiyyət bu taleyüklü məsələni dən də öhdəsindən gələrək böyük bir tarixi sənədə öz imzasını atmışdır.
Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olması, xilaskarlıq missiyası, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətləri, milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin, dilimizin qorunması kimi mühüm xidmətləri ümummilli liderimizə ümumxalq məhəbbəti qazandırmışdır. Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət kimi əbədi olaraq xalqın ürəyində yaşayacaqdır.

Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
aia.az

Geri dön