Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyevə bəslənilən ümumxalq sevgisi tükənməzdir
Ulu Öndər Heydər Əliyevə bəslənilən ümumxalq sevgisi tükənməzdir12-12-2022, 14:05. Yazar: sevinc1 |
Heydər Əliyev bəşər tarixində özünəməxsus idarəçilik üslubuna malik ən böyük şəxsiyyətlərdən biri olmaqla yanaşı, konkret şəraitdə dövlətin formalaşmasına bilavasitə rəhbərlik etmişdir. Müasir Azərbaycan dövləti məhz Heydər Əliyevin adı ilə bağlıdır. Lakin Heydər Əliyev dühasının hüdudları təkcə Azərbaycanla məhdudlaşmır. O, bütövlükdə Şərq dünyasında yeni dövlət tipologiyasının əsasını qoydu. Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər Azərbaycanda dayanıqlı inkişaf üçün zəmin yaratmış oldu. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq ideologiyasının parlaq daşıyıcısı kimi o, öz müdrik strategiyası, sarsılmaz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Ulu öndər qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, xalqın adət-ənənələri ilə yanaşı, dövlətin bu günü və gələcəyi ilə də bağlı olmalıdır. Azərbaycanda müasir demokratik hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin genişmiqyaslı inkişafı Heydər Əliyevin adı ilə əbədi bağlıdır. Ana dilimizin dövlət dili kimi işlənməsində, imkanlarının genişləndirilməsində və Azərbaycan xalqının ən böyük sərvəti kimi qiymətləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Azərbaycan mədəniyyətinin, zəngin tarixi irsimizin dünya ictimaiyyətinə təqdim olunması Heydər Əliyevin əvəzsiz xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə Heydər Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində tarixi Vətəni ilə sıx əlaqə nümayiş etdirən Azərbaycan diasporu formalaşıb və inkişaf edib. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların Azərbaycan Respublikasını özlərinə Vətən hesab etmələri, onu milli ruhun, milli-mənəvi dəyərlərin və milli mədəniyyətin məbədi kimi qəbul etmələri, azərbaycançılıq ideyası ətrafında birləşmələri məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz iz buraxdı. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Heydər Əliyevin neft strategiyası, dövlətimizin müstəqilliyinin təminatçısı olmaqla, eyni zamanda azad iqtisadi münasibətlərin mexanizmlərini işə saldı. Azərbaycanın dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xarici investisiyaların cəlb edilməsini təmin etmişdir ki, bu da Azərbaycan xalqının rifahının yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Bütün bunlar təkcə dövlətimizin daxili qüdrətinin deyil, həm də beynəlxalq nüfuzunun artmasına xidmət göstərirdi. Onun Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngin olmaqla yanaşı, həmçinin milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə səciyyəvidir. Ulu Öndər sosial-iqtisadi siyasətdə köklü dəyişikliklərlə eyni vaxtda nizami ordu yaradılması istiqamətində də aramsız səylər göstərirdi. Onun cəbhə bölgələrinə səfərləri, ön xətdə əsgərlərlə görüşləri böyük ruh yüksəkliyi yaradır, düşmən hücumlarının qarşısının alınmasına vəsilə olurdu. İllər çox şeyi dəyişib. Fəqət, sevgi dəyişmir: söhbət Heydər Əliyevə olan tükənməz sevgidən, xalqın öz böyük oğlunun xatirəsinə sonsuz hörmət və ehtiramından gedir. Heydər Əliyev aramızda olmasa da, ideyaları yaşayır və gələcəyə aparan yolumuzu işıqlandırır. Ulu Öndərə bəslənilən ümumxalq sevgisi ilin iki günündə - dekabrın 12-də və mayın 10-da özünü daha qabarıq büruzə verir. Heydər Əliyevin vəfat etdiyi gün və doğum günü onun uyuduğu Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edir. Emin Feyzizadə, YAP Tovuz Rayon Təşkilatının məsləhətçisi aia.az Geri dön |