Ana Sayfa > Seçki 2024 > Ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi”

Ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi”


11-12-2022, 14:25. Yazar: sevinc1
Ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi”

Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox ciddi çətinliklərlə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasından sonra bu çətinliklər aradan qalxdı və Azərbaycanın başının üstündən təhlükə sovuşdu. Ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün qətiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bununla da ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Həmin dövrdə respublikamızın qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri də məhz neft və qaz hasilatının artırılması idi. Bu məqsədlə, 1994-cü il fevralın 4-də Ümummilli lider “Azərbaycan Respublikasında dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəd respublikamızın dəniz neft və qaz yataqlarının kəşfində və işlənməsində xarici neft şirkətlərinin iştirakına dair bütün detalları özündə əks etdirirdi və sərmayəçilərin neft sənayesində iştirakına geniş şərait yaratdı. 
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tarixə “Əsrin müqaviləsi” kimi düşən qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi, həmçinin, ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişaf strategiyasının, uzunmüddətli tərəqqi konsepsiyasının əsası qoyuldu. Saziş ulu öndər Heydər Əliyevin davamlı enerji strategiyasının zəfər yolunda başlanğıc nöqtəsi idi. Bu uzunmüddətli strateji kursun ideya mənbələrindən, konseptual əsaslarından danışarkən hər şeydən öncə tarixi varislik məsələsi qeyd olunmalıdır. Çünki ulu öndər Azərbaycanın neft sənayesinin zəngin keçmişinə, şanlı ənənələrinə istinad edərkən məhz tarixi varislik prinsipini əsas götürmüşdü. Bakı neftçiləri dünya neft sənayesi salnaməsinə şanlı səhifələr yazmış, kəşfiyyat, tikinti, hasilat, emal və nəql sahələrində ən mütərəqqi yenilikləri istehsalata tətbiq etmişlər.
Elə buna görədir ki, ulu öndər Heydər Əliyev hələ respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdən neft sənayesinin innovativ əsasda təkmilləşdirilməsinə daim diqqət və qayğı ilə yanaşmış, Sovetlər Birliyində hökm sürən sərt milli siyasət şəraitində mümkün imkanlardan maksimum yararlanaraq ittifaq əhəmiyyətli perspektivli təsisatların – elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, Azərbaycanın öncül mövqeləri qorunub saxlanılmışdı. Sonradan cərəyan etmiş hadisələrin təhlili də göstərir ki, respublikamızın ümumittifaq neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi ulu öndərin gələcəyə hesablanmış siyasi uzaqgörənliyindən xəbər verırdi. Başqa sözlə, müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təməl daşları hələ o dövrdə qoyulmuşdur.
Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Dünyanın 6 ölkəsinin 10 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”
Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə Azərbaycanda yalnız iqtisadiyyat, sənaye standartları, idarəçilik konsepsiyaları, texnologiyalar deyil, kadrların bilik, bacarıq və əmək vərdişləri də dəyişmiş, zəngin təcrübə qazanılmışdır. Vaxtilə dünyanın bir çox ölkələrində neft işinin əsasını qoymuş Azərbaycan mütəxəssislərinin şanlı ənənələri yeni nəsil tərəfindən layiqincə davam etdirilir. Bu gün mühəndislərimiz transmilli şirkətlərin top-menecment heyətində şərəflə təmsil olunurlar. Birgə layihələrdə milli kadrların sayı ilbəil artır. Minlərlə tələbə ölkə daxilində və xaricdə müxtəlif təqaüd proqramlarından bəhrələnir.
Bir sözlə, Əsrin müqaviləsi yaxın və uzaq gələcəyə hesablanmış məqsədyönlü siyasətin dayaq sütunlarından biri olmaqla, imzalandığı mürəkkəb tarixi zaman kəsiyində müstəqilliyimizin qarantına çevrildi. Ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRACECA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrildi.

Vadim Yaqubov,
Salyan şəhər 8 saylı tam orta məktəbin direktoru


Geri dön