Ana Sayfa > Özəl > Ümummilli Lider Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi
Ümummilli Lider Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi11-12-2022, 14:14. Yazar: sevinc1 |
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində unudulmaz xidmətləri olan, xalqının yaşadığı ən çətin günlərində xilaskar rolunu oynayan dahi şəxsiyyətləri vardır. Həmin o şəxsiyyətlər mənsub olduqları xalqı öz arxasınca aparıb, taleyüklü məqamlarda qalib rolunu oynamışdır. Azərbaycan xalqının yaddaşında daim yaşayan, unudulmaz izlər qoyan, xalqının başı üstündən qara buludları qovan Ümumilli Liderimiz Heydər Əliyev olmuşdur. Heydər Əliyev dünya tarixinə yüksək bəşəri keyfiyyətlərinə, qeyri-adi zəkaya, yüksək idarəetməyə malik, çox gözəl natiq kimi düşmüşdür. Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çox şaxəli irsi tükənməz ibrət məktəbidir. Ulu öndər 1923-cü ildə mayın 10-da Naxçıvanda sadə ailədə doğulub, boya-başa çatıb. Böyük dahi hələ gənc yaşlarından yüksək dövlət vəzifələri tutmuş, xalqının ağır yükünü öz çiyinlərində daşımışdır. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi uzun müddət ərzindəki əvəzolunmaz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya dövlətləri sırasında özünəməxsus layiqli yer tutmasına həsr olunmuşdur. Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsasını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Yüksək qətiyyətlə və tam cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz sürətli inkişaf mərhələsinin və tariximizin ən şanlı dövrünü yaşamışdır. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu həyata keçirmişdir. Məhz onun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan, sözünü demiş dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün ömrünü, zəngin dövlətçilik təcrübəsini xalqının xoşbəxt gələcəyinə, Azərbaycanın inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Heydər Əliyevin dövründə Azərbaycanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, hər il yüzlərlə gənc müxtəlif, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Özünün dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa yönəlmiş neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir. Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycan tarixində milli sərvət-dövlətçilik məktəbi yaratdı. Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir. Müxtəlif konfranslarda ulu öndərin Azərbaycana rəhbərlik etdiyi zamanlarda əldə olunmuş nailiyyətləri, demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi barədə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir. Biz hər zaman ulu öndərimizi milli qürur və iftixar hissi ilə anırıq. Sözümü dahi dümanın məşhur kəlamı ilə bitirirəm: “Mən həmişə fəxr etmişəm, elə indi də fəxr edirəm ki, azərbaycanlıyam!!!”. Aygül Abdullayeva, Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı Geri dön |