Ana Sayfa > Gündəm > Milli dövlətçilik ənənələrinin bərpası

Milli dövlətçilik ənənələrinin bərpası


10-12-2022, 16:27. Yazar: sevinc1
Milli dövlətçilik ənənələrinin bərpası

Hər bir xalqın əsrlər boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin nəticəsidir. Yeni yaranmış ictimai-siyasi formasiyalarda isə məhz tarixi məsuliyyəti üzərinə götürən xarizmatik liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq hüququ qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından çıxmış bu insanlar müəyyən mərhələdə məsuliyyəti öz üzərlərinə götürərək, bütün bir millətin tarixən yaşatdığı azadlıq, müstəqillik ideyalarını gerçək həyatda reallaşdırmağa nail olurlar. Belə şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir. Məhz buna görə də Heydər Əliyev irsinin öyrənilməsi bütün zamanlar üçün əhəmiyyətlidir.
Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və hüquqi sahədə mühüm addımlar atdı. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər oldu. Tarixi faktlar təsdiqləyir ki, əslində SSRİ-nin dağılması prosesi 1970-ci illərin əvvəllərindən başlamışdır. Məhz belə bir gərgin siyasi dövrdə Heydər Əliyevin birinci hakimiyyət dövrü başlandı. Təbii ki, SSRİ-də hansı proseslərin getdiyi və cəmiyyətə məlum olmayan, gizli saxlanılan problemlərin mahiyyətinin nədən ibarət olduğu Heydər Əliyevə bəlli idi. Bütün bunları Heydər Əliyev yaxşı görür, siyasi imkanlarından, nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı.

Ötən əsrin 70-ci illərində məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın gələcəkdə müstəqil dövlət olaraq mövcudluğunun təmin edilməsinə yönələn bir sıra kardinal addımlar atıldı. Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən iri sənaye respublikasına çevrildi. Azərbaycanın neft emalı və neftmaşınqayırma, elektronika sənayesinin yüksək keyfiyyətli məhsulları, şərab məmulatları nəinki Sovet İttifaqı məkanında, eyni zamanda, xarici ölkələrdə də geniş şöhrət qazanmışdı. İttifaq hökumətinin xüsusi qərarları ilə Azərbaycanda üzümçülük, pambıqçılıq və onların emal sənayesinin inkişafına yeni təkan verildi. Heydər Əliyevin birinci hakimiyyəti illərində həmin sahələrin inkişafı ilə kəndlərdəki soydaşlarımızın yaşayış səviyyəsi qibtə olunacaq şəkildə yüksəldi. Palçıq evlər, daxmalar müasir kommunikasiyalı mənzillərlə əvəz edildi.
1970-ci illərə kimi Cənubi Qafqaz respublikaları arasında azərbaycanlılara SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına süni maneələr yaradılır, hətta müəyyən limit qoyulurdu. Lakin 1970-ci illərdən başlayaraq, Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə də ciddi dönüş yaradıldı. Həmin dövrdən başlayaraq, hər il yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər və texniki elmlər kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi. Bu siyasət Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi. Bu günün prizmasından yanaşdıqda, bu addımların sonralar müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu daha aydın, daha qabarıq görünür.

Bu böyük şəxsiyyət 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun icrasına başlamışdır.

Çağdaş milli dövlətçilik tariximizdə Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, taktiki və strateji hədəfləri, konkret məqsədləri var. Bu irs 1991-1993-cü illərdə cəmiyyətin gözündən düşmüş dövlət-hakimiyyət vəhdətinin həqiqi simasını özünə qaytardı.
1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində ulu öndər Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Siyasi sabitliyi təmin etməklə yanaşı, eyni zamanda demokratik, qüdrətli dövlət modeli konsepsiyasını da həyata keçirməyə başladı. 1993-1995-ci illərdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizəni xatırlayarkən riqqətə gəlməyə bilmirsən. Bu müddətdə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verildi.

Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik amalının praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davam etdirildiyini bir daha bəyan etdi: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".

Ölkəmizdə 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin növbəti parlaq qələbəsi yuxarıda sadalanan nəhəng islahatlar prosesinə və ulu öndərin ideyalarına olan ümumxalq münasibətini bir daha əyani şəkildə nümayiş etdirdi.

Bütün bunlar göstərir və təsdiq edir ki, həqiqətən Heydər Əliyevin nəzəri müddəaları, dövlət idarəçiliyi sahəsindəki zəngin təcrübəsi hər zaman və hər bir işdə nümunə kimi bizə kömək olacaqdır. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının IV qurultayında qeyd etdiyi kimi: "Biz bilirik nə istəyirik, biz bilirik hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın mövqelərini möhkəmləndirməkdir. Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq."

Mənzər Musayeva,
Bakı Dövlət Universiteti
Geri dön