Ana Sayfa > Seçki 2024 > Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır


10-12-2022, 16:19. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır

Müasir dövrümüzdə Azərbaycan Respublikasının konstitusion dövlət kimi təşəkkül tapması, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır.
Konstitusiyaların keyfiyyətləri onun yüksək hüquqi qüvvəyə malik olması və hüquq sisteminin fundamental mənbəyi kimi çıxış etməsidir. Əvvəla, konstitusiya normaları digər normalara münasibətdə prioritet mövqedən çıxış edir. İkincisi, qanunlar və digər qanun qüvvəli aktlar konstitusiyada müəyyən edilən qayda və prosedura uyğun qəbul edilməlidir.
Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.
Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.
Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar və demokratikləşmə yolu keçib. Yeni Konstitutsiyanın tələblərinə uyğun olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub. Ana Yasada təsbit olunduğu kimi, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilmiş və Azərbaycan nəinki, MDB, hətta Şərq aləmində bu tarixi qərarı qəbul edən ilk dövlətdir. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar. 1998-ci il iyunun 18-də isə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açdı. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri – Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda, 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə əməl olunması demək idi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
Ümummilli Liderin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
Bu gün dünyanın ən müxtəlif yerlərində, elə yaşadığımız coğrafiyada müharibələrin, münaqişələrin tüğyan etdiyi, xaos və böhranların baş verdiyi bir zamanda Azərbaycan bütün bu təhlükələrə rəğmən bir sabitlik və inkişaf oazisi kimi görünməkdədir. Hazırda Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən, müasirləşən dövlətindən birinə çevrilməsi ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu ideyaların həyatiliyini bir daha təsdiq edir.

Billurə Hüseynli,
Nəsimi rayon sakini

Geri dön