Ana Sayfa > Ölkə / Özəl > Heydər Əliyev-Dünya Azərbaycanlılarının Ulu Öndəri!

Heydər Əliyev-Dünya Azərbaycanlılarının Ulu Öndəri!


10-12-2022, 11:47. Yazar: sevinc1
Heydər Əliyev-Dünya Azərbaycanlılarının Ulu Öndəri!

Düz on doqquz il bundan öncə, 2003-cü il dekabr ayının 12-də Ümummilli Liderimiz, türk dünyasının Ulu Öndəri, Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev vəfat etdi. Həmin vaxtdan 19 il ötməsinə baxmayaraq, bu günə kimi, bundan sonra da Ulu Öndərimiz hər birimizin qəlbində əbədi yaşayacaqdır. Ümummilli Liderimizin özündən sonra qoyub getdiyi əvəzsiz xidmətləri, respublikamızın çiçəklənməsində, dünya arenasında tanınmasında, inkişafında böyük rolu danılmazdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ümummilli Liderimiz öz əməli, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsl vətəndaş olduğunu sübuta yetirib. Böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyib, xalqın birliyi yaranıb. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bu günkü güclü, qüdrətli Azərbaycanı o, öz gərgin zəhməti və fədakar fəaliyyəti ilə yaradıb, onun müstəqilliyini əbədi və dönməz edib, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli Liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, dönmədən həyata keçirilməsini təmin edib.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi. Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir ümmandır. Ömrünü xalqının firavan gələcəyi naminə şam kimi əridən Heydər Əliyevin özündən sonra bizə miras qoyub getdiyi Azərbaycanımızı göz bəbəyi kimi qoruyub saxlamaq bizim hər birimizin vətəndaşlıq borcudur. Məhz bu yolda Ulu Öndər dühası Azərbaycanın müstəqilliyinin əbədiliyinə, xalqımızın firavan gələcəyinə daim işıq saçacaq. Bir sözlə, məhz Ümummilli Liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz onun siyasi kursu ilə inamla addımlayır. Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq. Bu gün bütün Azərbaycan xalqı çox xoşbəxtdir ki, Ümummilli Liderimiz, türk dünyasının Ulu Öndəri, xalqımızın böyük oğlu Heydər Əliyev özündən sonra xalqını, millətini, ölkəsini sevən layiqli davamçısını qoyub getdi. Ulu Öndər Heydər Əliyev məktəbinin, idarəçiliyinin mükəmməl bilicisi, Ümummilli Liderin apardığı uğurlu daxili və xarici siyasətinin layiqli davamçısı, ölkəmizin başçısı cənab İlham Əliyev Azərbaycan xalqının işıqlı gələcəyinin yeganə təminatçısına çevrildi.
Ulu Öndərin əsasını qoyduğu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində misilsiz nailiyyətlər əldə olunub. Bu gün dövlət başçımızın məqsədyönlü, uğurlu daxili və xarici siyasətinin nəticəsidir ki, ölkəmizin iqtisadiyyatı getdikcə güclənir, sosial rifah halı yüksəlir, dünyada kifayət qədər tanınır. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur. Ulu Öndər Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir. Qədirbilən xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!

Kənan İslamov,
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
aia.az

Geri dön