Ana Sayfa > Siyasət / Özəl > İlhamə Abdullayeva: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi”
İlhamə Abdullayeva: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi”9-12-2022, 11:59. Yazar: sevinc1 |
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə Heydər Əliyev İli elan olunub. Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və gərgin mübarizəsi ilə onu müstəqilliyə qovuşdurmuş dahi şəxsiyyət, mahir siyasətçi və görkəmli dövlət xadimidir. Müasir müstəqil Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizdə təhsil sahəsinin keyfiyyət meyarlarının yüksəldilməsinə xüsusi diqqət və qayğı göstərib. Məhz sovet dönəmində hazırlanmış əsaslar üzərində artıq müstəqil Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Ümummilli liderimizin respublikanın təhsil sisteminə olan xüsusi diqqət və qayğısının nəticəsi olaraq, 1969-1982-ci illərdə Azərbaycanda çox sayda məktəb binaları tikilərək istifadəyə verilib. Yenə də həmin illərdə ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza savadlı, bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Azərbaycan gənclərinin təkcə Azərbaycanda deyil, həm də keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində – Moskva, Leninqrad, Kiyev, Minsk kimi elm və mədəniyyət mərkəzlərində ali təhsil alması üçün ulu öndərin etdiklərini bu gün də həmin nəslin nümayəndələri minnətdarlıq hissi ilə xatırlayırlar. Keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin İttifaqın ən nüfuzlu ali təhsil ocaqlarını bitirdikdən sonra respublikamıza qayıdıb iqtisadiyyatın müxtəlif sahələrində millətə fayda verməsi də daim ulu öndərin diqqətində olan məsələlərdən biri idi.” Bu sözləri mətbuata verdiyi müsahibəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva deyib. Müsahibimiz qeyd edib ki, 1993-2003-cü illərdə Azərbaycanın təhsilinin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb: “Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə Azərbaycanın təhsil sistemi daha da təkmilləşdirilərək bu sahənin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu, təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Təhsil sistemimizdə olan problemlərin optimal həlli məqsədlə 1998-ci il martın 30-da Ölkə Prezidentinin sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. Elə həmin ildə də Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin uğurlu həlli üçün əsl proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. Ulu öndər 1999-cu il iyunun 15-də – Milli Qurtuluş Günündə Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi və islahatların əsas məqsədini müəyyən etdi. Bu məqsəd Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmasından ibarət idi. Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.” Daha sonra İ.Abdullayeva müstəqillik illərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşünün təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf etdiyini vurğulayaraq bunlarıd deyib: “Bu gün Azərbaycanda bütün sahələrdə ulu öndərimizin daxili və xarici siyasəti, iqtisadi və sosial sahələr üçün müəyyən etdiyi strateji istiqamətlər möhtərəm Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, son illərdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də elm və təhsil sahəsində möhtəşəm nailiyyətlər əldə edə bilib. Dünyanın bir sıra ölkələrinin qlobal pandemiya və iqtisadi böhranla çarpışdığı bir vaxtda Azərbaycan özünün iqtisadi uğurlarını ilbəil artırır. Prezident İlham Əliyevin ayrı-ayrı dövlət proqramları şəklində irəli sürdüyü layihələr ölkəni sürətlə irəli aparır. İki il bundan əvvəl isə Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla apardığı 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə imza ataraq öz ərazi bütövlüyünü bərpa edib və müstəqil, güclü bir dövlət olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. Bütün bu mütərəqqi proseslər bir daha təsdiqləyir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və bu siyasi kurs ölkəmizin firavan gələcəyini təmin edəcək yeganə doğru konsepsiyadır”, - deyə İlhamə Abdullayeva fikirlərini tamamlayıb. Geri dön |