Ana Sayfa > Özəl / Parlament > Möhtəşəm Qələbənin əsasında inkişaf etmiş Azərbaycanın qüdrətli dövlətə çevrilməsi dayanırdı

Möhtəşəm Qələbənin əsasında inkişaf etmiş Azərbaycanın qüdrətli dövlətə çevrilməsi dayanırdı


8-12-2022, 16:33. Yazar: sevinc1
Möhtəşəm Qələbənin əsasında inkişaf etmiş Azərbaycanın qüdrətli dövlətə çevrilməsi dayanırdı

İki il bundan öncə 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Qalibiyyətimizin rəmzi olaraq 10 dekabr 2020-ci il tarixində keçirilən möhtəşəm Zəfər Paradı Müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.
Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya mübarizliyini sübut etdi. Məlum olduğu kimi, böyük zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan silahlı qüvvələrinə ağır zərbələr vurmuşdu. Xüsusən, 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı sayılır. Aprel döyüşlərində düşmən ağır itki verərək silah-sursatını atıb qaçdı, bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
İki il sonra, 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı, Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Ancaq düşmən bu dəfə də layiqli cavabını aldı. Tovuz döyüşləri Tarixi Zəfərimizə təkan verən əsas hadisə kimi tarixə düşdü. Bu döyüşdə də erməni tərəfinin yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edildi.
Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Qısa müddətdə düşmən darmadağın edildi.
Müharibənin kulminasiya nöqtəsi noyabrın 8-də Şuşanın düşmən işğalından azad edilməsi oldu. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu, ata vəsiyyətini yerinə yetirdi. Dövlət başçısı “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, – deyən Ümummilli Liderin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.
Şuşanın alınmasından sonra döyüş meydanında darmadağın edilən işğalçı Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.
Prezident İlham Əliyev Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyətini nəzərə alaraq, 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Çünki Şuşa şəhərinin 28 illik əsarətdən sonra noyabrın 8-də qurtarılması müharibənin taleyində həlledici rol oynamışdı.
10 dekabr 2020-ci il tarixində Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıdan qələbənin təntənəsi idi. 2021-ci il 12 aprel tarixində Bakı şəhərində açılan Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Beləliklə, “Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, Möhtəşəm Qələbənin əsasında inkişaf etmiş Azərbaycanın qüdrətli dövlətə çevrilməsi dayanırdı.

Semur Əsgərov,
YAP Göygöl rayon təşkilatı aparatının məsləhətçisi
aia.az

Geri dön