Ana Sayfa > Seçki 2024 > Manaf Manafov: “Silahlı qüvvələri vahid komandanlıq altında birləşdirən Ümummilli Lider ordunun gücünü bir istiqamətə, işğalçı düşmənlə mübarizəyə yönləndirdi”

Manaf Manafov: “Silahlı qüvvələri vahid komandanlıq altında birləşdirən Ümummilli Lider ordunun gücünü bir istiqamətə, işğalçı düşmənlə mübarizəyə yönləndirdi”


8-12-2022, 09:30. Yazar: sevinc1
Manaf Manafov: “Silahlı qüvvələri vahid komandanlıq altında birləşdirən Ümummilli Lider ordunun gücünü bir istiqamətə, işğalçı düşmənlə mübarizəyə yönləndirdi”

“1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanı dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Ulu öndərin respublikamızda hakimiyyətə qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Əməkdaşımızın suallarını cavablandıran Manaf Manafov qeyd edib ki, Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi idi: “Ölkədə hakimiyyətə gəldikdən sonra Ulu Öndərin dərhal həyata keçirməyə başladığı müstəsna əhəmiyyətli işlərdən biri də ordu quruculuğu idi. Silahlı qüvvələri vahid komandanlıq altında birləşdirən ümummilli lider 1991-92-ci illərdə daha çox ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin çəkişmələrinə cəlb olunan hərbi hissələrin gücünü bir istiqamətə, işğalçı düşmənlə mübarizəyə yönləndirdi. Bununla da Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi danışıqlara getməyə məcbur oldu. Beləliklə, 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün artıq hamıya aydındır ki, o zaman ulu öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi.”

Daha sonra M.Manafov 1993-2003-cü illər ərzində Ulu Öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlərin hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilriyini vurğulayaraq bunları deyib: “Cənab Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində ölkəmizdə dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda, eləcə də son bir ildə bütün dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. 19 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Eyni zamanda, ötən müddət ərzində dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək. Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan olunub. Heç şübhəsiz bu qərar Azərbaycan xalqının öz xilaskar oğluna olan sonsuz ehtiramın bir təzahürüdür. Dahi rəhbər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu qırx ilə yaxın bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, ulu öndərin uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları xalqımızın qəlbində əbədi yaşayacaqdır.”
Geri dön