Ana Sayfa > Özəl > Vətən müharibəsində siyasi həmrəyliyin təzahürü Azərbaycanın qələbə çalmasında mühüm rol oynadı

Vətən müharibəsində siyasi həmrəyliyin təzahürü Azərbaycanın qələbə çalmasında mühüm rol oynadı


8-12-2022, 09:49. Yazar: sevinc1
Vətən müharibəsində siyasi həmrəyliyin təzahürü Azərbaycanın qələbə çalmasında mühüm rol oynadı

27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazılmış, düşmən üzərində böyük qələbə qazanılmışdır. Bununla da, 30 ildir aparılan danışıqlar prosesindən öz məkrli niyyəti üçün istifadə edən düşmən dövlətin regionda yeni “erməni dövləti” yaratmaq planı tamamilə alt-üst edilmişdir.
Onu da qeyd edək ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqımızı ən çox narahat edən məsələ münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli olmuşdur. Lakin dünyada mövcud olan ikili standartlar, ədalətsizlik və islamofobiya münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə problem yaratmışdır.
Nəhayət, Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə formalaşdırdığı ordumuzun qələbə qazanması sayəsində 30 illik ədalətsizliyi aradan qaldıra bildik. 2020-ci il noyabrın 10-da Ermənistan rəsmən təslim olduğunu elan etdi və kapitulyasiya aktını imzaladı.
Vətən müharibəsində məğlub olan Ermənistan təslim şərtlərinə uyğun olaraq ilk növbədə Ağdam şəhərini və rayonun işğal olunmuş kəndlərini döyüşsüz azad etdi. Sonrakı mərhələdə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bundan sonra, 2020-ci ilin dekabr ayının 10-da Azərbaycan Bakının Azadlıq meydanında Zəfər paradını keçirərək, əldə edilən Möhtəşəm Qələbəni bütün dünyaya nümayiş etdirdi. Çünki biz son 200 il ərzində ilk dəfə böyük qələbə qazanmışdıq. Dünya ictimaiyyəti, o cümlədən tərəfdaşlarımız və rəqiblərimiz Vətən müharibəsində Silahlı Qüvvələrimizin real imkanları ilə tanış oldular. Azərbaycan öz adını dünya tarixinə “BMT Təhlükəsizlik Şurasının qətnamələrini müstəqil şəkildə həyata keçirən ilk ölkə” kimi yazdırdı.
Onu da xüsusi vurğulayaq ki, Vətən müharibəsi zamanı aparılan döyüşlərdə əldə edilən hər bir uğur Azərbaycan xalqını Ali Baş Komandan ətrafında daha sıx birləşdirdi. Xalqdan birmənalı dəstək alan Azərbaycan Silahlı Qüvvələrinin bu  əzəmətli və tarixi qələbəsi işğalçı Ermənistan üzərində mütləq üstünlüyümüzü təmin etdi.
Bu baxımdan, Vətən müharibəsində ümumi amalla birləşən xalqımız misilsiz birlik və həmrəylik nümayiş etdirdi. Bu reallıq Azərbaycanın gücünün, milli birliyin qüdrətinin və sarsılmazlığının göstəricisi idi. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir: “İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi kimi tarixə düşəcək. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi”.
Təqdirəlayiq mənzərələrdən biri də o idi ki, bu müharibədə müxtəlif siyasi baxışlı müxalif qüvvələr belə milli maraqlar naminə Azərbaycan hakimiyyətinə dəstək verdilər. Eyni zamanda, ölkəmizdə yaşayan bütün xalqların, dini konfessiyaların nümayəndələri Azərbaycanın ədalətli mübarizəsində şücaət göstərmiş, düşmənlə vuruşmuş, Azərbaycanın ərazi bütövlüyünün bərpasında fəal iştirak etmişlər.
Qələbədən sonrakı iki ildə Azərbaycan münaqişənin həlli prosesində əldə etdiyi hərbi nailiyyətlərdən istifadə edərək öz məqsədlərinə mümkün qədər tez və dolğun şəkildə nail olmağa çalışır. Hazırda Qarabağımızın tacı olan Şuşada regional əhəmiyyətli sənədlər imzalanır, beynəlxalq festivallar keçirilir. Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanının isə artıq layihələndirilmə işləri aparılır. Regionda yol-nəqliyyat, logistika, enerji təminatı infrastrukturları yaradılır.
Eyni zamanda, bu gün ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlər Qarabağın dağlıq və aran rayonları ilə bağlı dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Ölkə rəhbərliyinin bu istiqamətdə irəli sürdüyü taleyüklü tarixi təşəbbüslər işğaldan azad edilmiş rayonlarımızla bağlı dövlətimizin aydın və sistemli siyasət apardığını təsdiqləyir.
Beləliklə, Vətən müharibəsində siyasi həmrəyliyin təzahürü Azərbaycanın qələbə çalmasında mühüm rol oynadı. Xalqımız həmin birlik və həmrəyliyi bu gün ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlərdə iştirak etməklə nümayiş etdirir.

Emil Məmmədov,
YAP Göygöl rayon təşkilatı aparatının məsləhətçisi
aia.az
Geri dön