Ana Sayfa > Qərbi Azərbaycan > Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq
Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq7-12-2022, 11:45. Yazar: admen |
Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payız-qış mövsümündə zəhərlənməyə səbəb olan əsas qida isə adətən, turşu olur. Hətta bir neçə gün öncə Bakıda müəllimin pomidor turşusundan zəhərlənərək həyatını itirməsiylə bağlı xəbər yayıldı. Qida zəhərlənməsinin özünü büruzə vermə müddəti isə məhsuldan asılı olaraq dəyişir. Belə ki, bu müddət bəzən 1-6 saat, bəzən də 3-5 gün aralığında ola bilir. Bir çox hallarda şəxsin qidadan zəhərləndiyi ehtimal olunarkən ətrafdan ona dərhal qatıq yeməsi tövsiyə olunur. Belə bir fikir var ki, qatıq zəhərlənməni müəyyən dərəcədə önləyir. Bəs görəsən, qida zəhərlənmələri zamanı ilkin hansı tədbir görülməlidir? "Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov oxu.az-a bildirib ki, turşudan zəhərlənmələrlə bağlı müraciətlər oktyabr ayından başlayıb: "Sentyabrda bir-iki nəfər zəhərlənmədən müraciət edib. Daha dəqiq desək, sentyabrda beş, oktyabrda yeddi, noyabrda isə səkkiz nəfər botulizmdən əziyyət çəkib. Botulizm ağır qida infeksiyasıdır. Həmin şəxslərdən beşi hazırda reanimasiyadadır, bir nəfər - Şəfəq Əliyeva isə ağır zəhərlənmədən vəfat etdi. Düzü, müraciətin daha çox olacağını gözləyirik". Həmsöhbətimiz ancaq ağır növ qida zəhərlənmələri ilə gələnləri qəbul etdiklərini diqqətə çatdırıb: "Bu mövsümdə, əsasən, pomidor, xiyar, az hallarda da kələm kimi qida məhsulları konservləşmiş formada olanda kütləvi formada zəhərlənmə baş verir. Şikayətlər isə başağrısı, başgicəllənməsi, mədə nahiyəsində ağrılar, köp, bədən hərarətinin qalxması, ürəkbulanma, qusma və ikili görmə olur. Bunlar davam edərsə və tədbir görülməzsə, vəziyyət ağırlaşır. Vəziyyət o yerə çatar ki, insan huşunu itirə bilər. Qatıq isə burada heç bir praktiki əhəmiyyət kəsb etmir, biz məsləhət görmürük ki, zəhərlənən adama o verilsin. Əsas birinci tədbir mədənin yuyulmasıdır, ondan sonra peşəkar həkim müayinə etməli və tapşırığını verməlidir. Botulizm əlamətləri varsa, mütləq zərdab vurulmalıdır. Onda həyati təhlükənin haradasa qabağı alınmış olur". Geri dön |