Ana Sayfa > Seçki 2024 > Rəhman Məmmədov: “1993-cü ildə ölkənin və xalqın xilaskar liderə ehtiyacı var idi”

Rəhman Məmmədov: “1993-cü ildə ölkənin və xalqın xilaskar liderə ehtiyacı var idi”


7-12-2022, 09:00. Yazar: sevinc1
Rəhman Məmmədov: “1993-cü ildə ölkənin və xalqın xilaskar liderə ehtiyacı var idi”

“Ulu Öndər Heydər Əliyev bir xalqın müstəqillik əldə etmək üçün necə böyük əziyyətlər çəkməli, qurbanlar verməli və sarsıntılar yaşamalı olduğunu və bu ağır sınaqdan heç də bütün dövlətlərin uğurla çıxa bilmədiyini hamıdan daha yaxşı bilirdi. Buna görə də ümummilli liderimiz müstəqilliyə aparan yolun ağırlığını bir kəlmə ilə ifadə edərək belə demişdir: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Lakin Azərbaycan xalqının da bəxti məhz onda gətirmişdir ki, biz öz müstəqillik yolumuza Ulu Öndərin rəhbərliyi ilə qədəm qoymuşuq və bu gün də həmin yolla ümummilli liderimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyirik. Həqiqətən də Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsi, onu əbədi və sarsılmaz prosesə çevirməsi ötən yüzillikdə ən böyük nailiyyətimizdir. Azərbaycanın müasir tarixinin 40 ilə yaxın bir mərhələsi, eləcə də müstəqil dövlətimizin qurulması, dinamik inkişafı və dünyaya inteqrasiyası birbaşa ümummilli lider Heydər Əliyevin adı və fəalityyəti ilə bağlıdır. Bu tarixi dövrün 12 illik birinci mərhələsi Azərbaycanın SSRİ tərkibində mövcud olduğu illərə təsadüf edirdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra respublikada böyük quruculuq və abadlıq işləri geniş vüsət aldı. Azərbaycan bu dövrdə keçmiş ittifaqın geridə qalmış respublikasından öndə gedən respublikaya çevrildi. İlk milli kadr kimi dövlətin əsas güc strukturlarından birinə - Dövlət Təhlükəsizlik Komitəsinə başçılıq edən 46 yaşlı Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi xalqımızın həyatında və gələcək müqəddaratının müəyyən olunmasında müstəsna rol oynamış oldu. Ümummilli liderimizin milləti və xalqı naminə gördüyü işlərin miqyası ölçüyəgəlməz dərəcədə böyükdür. Əbəs yerə deyil ki, dünyanın siyasi elitası Heydər Əliyev şəxsiyyətini Corc Vaşinqton, Franklin Ruzvelt, Mustafa Kamal Atatürk kimi siyasət nəhəgləri ilə müqayisə edirlər. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri Rəhman Məmmədov deyib.

Müsahibimiz bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsini tarixi nailiyyət kimi qiymətləndirir, eyni zamanda da bu müstəqilliyin qorunmasını və möhkəmləndirilməsi qat-qat daha çətin və mürəkkəb vəzifə kimi qiymətləndirirdi: “Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etsə də, növbəti iki il ərzində onu və hətta daha artığını, bir dövlət olaraq mövcudiyyətini itirmək təhlükəsi ilə yenidən üz-üzə qalmışdı. Məhz belə bir şəraitdə ölkənin və xalqın xilaskar liderə ehtiyacı var idi. Bu şərəfli missiyanı Ulu Öndər Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lidrimiz xaosu aradan qaldırdı, ictimai-siyasi sabitliyi bərpa etdi, tənəzzülün qarşısını aldı və müasir, demokratik və hüquqi dövlətimizin əsaslarını yaratdı. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Məhz ümummilli liderimizin müdrik rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin gələcək uğurlarının əsas təməli oldu.”

Daha sonra R.Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişaına verdiyi misilsiz töhfələrədən bəhs edərək bunları deyib: “Ölkənin ictimai-siyasi həyatının istənilən bir sahəsində dərin biliklərə malik olan Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Buna görə də Heydər Əliyev mədəniyyəti xalqın ən böyük sərvəti hesab edir, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Ulu Öndər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu, Azərbaycanın milli-mədəni irsini bütüb beynəlxalq aləmdə tanıtdı.

Bu gün də xalqımız Ulu Öndərin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyevin ideyalarını dönmədən həyat keçirir. Ulu Öndərin əsasını qoyduğu möhkəm təməllər üzərində yeni, daha qüdrətli Azərbaycan qurulur. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltmiş, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açmışdır. Heydər Əliyev ideyalarının nurunda gələcəyə doğru inamla irəliləyən Azərbaycan Ulu Öndərimizin bizlər üçün qoyub getdiyi ən böyük mirasıdır”, - deyə Rəhman Məmmədov fikirlərini tamamlayıb.
Geri dön