Ana Sayfa > Özəl > 2020-Cİ İLİN DEKABR AYININ 10-DA VƏTƏN MÜHARİBƏSİNİN ZƏFƏR PARADI

2020-Cİ İLİN DEKABR AYININ 10-DA VƏTƏN MÜHARİBƏSİNİN ZƏFƏR PARADI


7-12-2022, 08:58. Yazar: sevinc1
2020-Cİ İLİN DEKABR AYININ 10-DA VƏTƏN MÜHARİBƏSİNİN ZƏFƏR PARADI

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. Noyabrın 8-də Şuşanın düşməndən geri alınması ilə Vətən müharibəsində Qələbənin son ştrixi vuruldu. Noyabrın 10-da Ermənistan məğlubiyyət aktına imza atdı. Ay yarım gedən fasiləsiz döyüşlər zamanı uzunmüddətli istehkamlar sistemi yarıldı, düşmən ordusu isə tamamilə darmadağın edildi. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, həmçinin Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra diz çökən Ermənistan kapitulyasiya aktına imza ataraq digər ərazilərin təhvil verilməsi barədə öhdəlik götürdü. Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna, noyabrın 25-də isə Kəlbəcər rayonuna daxil oldu. Birgə Bəyanata əsasən, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.  Ölkəmizin   hərbi  sahədə qazandığı  qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bu, tarixi Zəfərdir və 44 günlük Vətən müharibəsinin doğurduğu reallıqdır. 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Neçə yüz illərdir öz torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, Qarabağın işğaldan azad olunmasına böyük məharətlə rəhbərlik etdi. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi. Qısamüddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə təmin olundu, bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidentinin və Ordusunun gücünü gördü. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağımıza qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.

Iki il öncə 2020-ci ilin dekabr ayının 10-da Bakı şəhərində Azadlıq meydanında torpaqlarımızın işğaldan azad olunmasına həsr olunmuş tarixi Zəfər Paradı keçirildi. Bu zəfər paradında cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, habelə Türkiyə Silahlı Qüvvələrinin böyük bir heyəti iştirak edirdi. Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş Zəfər Paradı bütün dünyada bir sıra çox vacib mesajları ilə yadda qaldı. Ən böyük mesajını cənab Prezident öz nitqində söylədi ki, "Bütün dünya görür ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir". Çünki, müharibənin başladığı ilk anlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə dövləti Azərbaycanın tək olmadığını, Türkiyənin onun yanında olduğunu göstərdi. Azərbaycanın tarixi qələbəsinin əldə edilməsi üçün böyük siyasi və mənəvi dəstək nümayiş etdirdi. Bu ən vacib mesaj idi.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 

Yaşasın müzəffər Azərbaycan Ordusu!
Yaşasın sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az
Geri dön