Ana Sayfa > Özəl > İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır.
İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır.6-12-2022, 17:51. Yazar: sevinc1 |
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılıb. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etmişdir. Yerli və xarici rəsmi qonaqların, diplomatik korpus nümayəndələrinin də qatıldığı paradı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişlər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin gün ölkəmizin hər bir bölgəsinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan zəfər bayrağının ilk olaraq gətirildiyi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi təqdim olunmuşdur. Qənimət kimi ələ keçirilən düşmən hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, qələbəmizin isə möhtəşəmliyinin göstəricisidir. Orada təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib. Bunun üçün Prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafının təmin olunması naminə düşünülmüş siyasət yürütmüşdür. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olmuşdur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əsas büdcə xərclərimiz hərbi xərclərə sərf olunmuşdur. Ordunun döyüş qabiliyyəti davamlı olaraq möhkəmləndirilmiş, müasir silah-sursat və texnika ilə təchizatı həyata keçirilmişdir. Vətən müharibəsi nəticəsində məlum oldu ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Vətən müharibəsinin aparılması üçün ölkə başçısı tərəfindən Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyi ilə çox böyük islahatlar aparılmışdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmişdi. Qələbənin təminatı və rəsmiləşdirilməsi üçün isə siyasi və hüquqi baza yaradılmışdı. Ölkənin iqtisadi qüdrəti qələbəmiz üçün zəmin yaratmışdır. İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq Azərbaycan özünün enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. Bununla yanaşı ölkə başçısı bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini Ermənistandan yan keçirməklə bu ölkəni dalana çevirmək siyasətini həyata keçirdi. Bir sözlə, Azərbaycan inkişaf edərək işğal altında olan torpaqlarını azad etdi və tarixi qələbə qazandı. Fatimə Talıbzadə Astan, Azərbaycan Dövlət Pedaqoji Univeristeti aia.az Geri dön |