Ana Sayfa > Seçki 2024 > Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir

Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir


3-12-2022, 15:16. Yazar: sevinc1
Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir

25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Orta Dəhliz boyunca:geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış etmişdir. Dövlət başçısı çıxışı zamanı qeyd etmişdir ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur. Buna görə istər enerji layihələrimizin, istərsə də nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir. Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var.
Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları , Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq DənizTicarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb.
Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Bunun üçün türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq. İndi Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir. Cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.
Azərbaycan - Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir.
Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var. İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir. İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir.
Rəqəmsal inkişaf və nəqliyyat ümumi inkişafın və təhlükəsizliyin ən mühüm elementləridir. Azərbaycan mövcud istiqamətdə qabaqcıl təcrübəyə və qabaqcıl texnologiyalara üstünlük verəcəkdir. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Çox sevindirici haldır ki, azad edilmiş ərazilərdə şəhər və kəndlər smart texnologiya platformasına əsaslanaraq tikilir. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər.
Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsidir. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ehtimalı da mövcuddur. Nümayəndəliyin açılması əməkdaşlığımızın mahiyyətini əks etdirəcək. İşğal dövründə və işğaldan azad edilmə zamanı Ərəb Liqasının üzvü olan ölkələr bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul etmişlər. Azərbaycan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışır. Pandemiya vaxtı biz 80-dən çox ölkəyə, o cümlədən Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə maliyyə yardımı və humanitar dəstək göstərmişik.
Azərbaycanın digər əməkdaşlıq məsələləri və iqtisadiyyat sahəsində irəliləyişlər barədə danışaraq dövlət başçısı qeyd etmişdir ki, Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Bölgənin hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilmişdir. Qardaş Türkiyə ilə əməkdaşlıq və dostluq münasibətlərindən danışaraq qeyd edilmişdir ki, ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlər olub. Müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.
Müharibədən sonrakı vəziyyət Ağdamda Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına gətirib çıxarsa da, bu, regionun bu iki dövlətinin gələcək regional konfiqurasiyada rol oynayacağı anlamına gəlirdi. İkinci Qarabağ müharibəsi zamanı və bu müharibədən sonra biz İran təmsilçilərinin heç bir fəaliyyətini görmədik. Biz, sadəcə olaraq, inklüziv ssenarinin lazım olduğunu bildirdik, ona görə də İran və Gürcüstan da dəvət olundu. Gürcüstanın tərəddüdləri var. İran bunu dəstəklədiyini bildirib və biz bunu yaxşı əlamət hesab edərək düşünürdük ki, nəhayət bir araya gələrək dəhlizlər də daxil olmaqla, mühüm məsələləri həll edəcəyik.
Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu Azərbaycandan keçir. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini minimum 3-5 milyard dollar edəcək. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir.
İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Çünki hər bir azərbaycanlının öz doğma dilində təhsil almaq hüququ vardır. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur.
Din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi həyata müdaxilə etməməlidir. Bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq. Müsəlman dünyasını parçalamaq istəyənlər bütün müsəlmanlara böyük ziyan vururlar. Azərbaycanda müsəlmanların dininin hansı təriqətinə aid olmalarından - şiə və sünni olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var. Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər;
Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır. 2008-ci ildə Azərbaycan “Bakı Prosesi” adlı qlobal təşəbbüslə çıxış etmişdir. Tarixdə ilk dəfə olaraq biz Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin mədəniyyət nazirlərini bir araya gətirdik. 100-dən çox ölkə ilk dəfə olaraq toplaşdı. BMT “Bakı Prosesi”ni qəti şəkildə dəstəkləyir. O, mədəniyyətlərarası dialoq üzrə ən mühüm platformalardan biridir.

Fəxrəddin Vəliyev
Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının sədri
aia.az
Geri dön