Ana Sayfa > Özəl > Laçın rayonu azad olunmaqla tarixi ədalət növbəti dəfə bərpa olundu!

Laçın rayonu azad olunmaqla tarixi ədalət növbəti dəfə bərpa olundu!


29-11-2022, 09:12. Yazar: sevinc1
Laçın rayonu azad olunmaqla tarixi ədalət növbəti dəfə bərpa olundu!

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir gündə 2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbənin davamı idi.  Cənab Prezident İlham Əliyev həmin günü xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır”. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qaldı. "Qarabağ Azərbaycandır və nida" ifadəsinin müəllifi kimi cənab İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və öz ata-baba ocağımız, doğma torpaqlarımız tarixi sahibinə qayıtdı. Bir qanadı yaralanmış qartala bənzər  xəritəm bu gün öz bütövlüyünə qovuşdu. Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. 30 ildir ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız olmadı, həm də tarixi-dini abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz oldu. İllərdir Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biri olub.Azərbaycan hər zaman dünyada sülhün, tolerantlıq və dialoqun, mədəniyyətlər və sivilizasiyalara xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Ancaq buna baxmayaraq işğal altnda olan torpaqlarımızda tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan  acı həqiqətdir.Qarabağ torpaqlarındakı mövcud olan və bütün dünyada nadir ağac növlərinin bitdiyi meşələri məhv edib sərvətlərimizi vəhşicəsinə istismar edən erməni terrorunun layiqli cavabını səngərdə Azərbaycan ordusu verdi. İllərlə kimsəsiz qalan, təhqir olunan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytaran və yenidən qazandıran Milli Ordumuz Qarabağın bir qarış torpağının belə düşməndə qalmasına imkan vermədi.

Hər bir Azərbaycan vətəndaşı illərlə düşmən tapdağı altında olan torpaqlarımızın çağırışına canı, qanı, ruhu və bütün varlığı ilə irəliləyən, bizə qələbə sevincini yaşadan hər bir azərbaycanlı igid oğullarımızla fəxr edirik! Tarixi zəfərimiz Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  ətrafında sıx birləşib. İlham Əliyev kimi lideri, yüksək vətənpərlik ruhu, yenilməz ordusu olan rəşadətli xalqım bir daha məğlubiyyət yaşamayacaq. Laçında, Qarabağda üçrəngli bayrağımız altında neçə-neçə nəsillər məsud və azad yaşayacaq. Bəli, cənab Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan dağlar diyarı Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşən Laçın qayıdışın mübarək! Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
aia.az
Geri dön