Ana Sayfa > Özəl > Müstəqil Azərbaycanın bir dövlət kimi mövcudluğuna görə , Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıyıq.

Müstəqil Azərbaycanın bir dövlət kimi mövcudluğuna görə , Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıyıq.


28-11-2022, 20:09. Yazar: sevinc1
Müstəqil Azərbaycanın bir dövlət kimi mövcudluğuna görə , Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıyıq.

Yaxın keçmişimizə ötən əsrin 90-cı illərinə qayıdaraq , məhz o illərdə baş verən hadisələri analiz etdikdə aydın şəkildə görürük ki, həmin dövrdə Azərbaycanı o çətin , ağır sınaqlardan çıxaracaq tək şəxsiyyət var idisə , o da yalnız Heydər Əliyev şəxsiyyəti idi. Əgər Ulu Öndər öz xalqının səsinə səs verərək , Naxçıvandan Bakıya qayıtmasaydı yəqin ki, biz bu gün Azərbaycanın bir dövlət kimi varlığından danışa bilməzdik. Həmin zamanlarda baş verən ölkədaxili hərc-mərclik, anarxiya xaricdən isə ermənilərin Azərbaycana torpaq iddiaları ilə təcavüzü təbii ki, bizim müstəqilliyimizi, dövlətçiliyimizi şübhə altında qoyurdu. Baş verən “ 20 Yanvar “, Xocalı soyqırımı və digər hadisələr elə bil ki, xalqımızın gözünü qorxutmuş və ümidsizləşdirmişdi. Lakin zamanında öz müdrik oğlunun xalqına arxa çıxması , bu millətin ürəyində ümid qığılcımlarının yenidən baş qaldırmasına zəmin yaratdı. Artıq məzlum xalq bu bəlalardan qurtuluş yolunun Heydər Əliyevlə mümkünlüyünə tam əmin oldu və onun ətrafında sıx birləşməyə başladı. O dövrdə xalqı parçalamaq üçün işləyən düşmən kəşfiyyatı da əhali arasında Heydər Əliyev əleyhinə təbliğatlar aparır və hakimiyyətin əksinə panikalar yayırdılar. Ancaq bütün cərəyan edən hadisələrin mərkəzində xalqın iradəsi dayanırdı və xalq bu iradəyə arxalanaraq öz müqəddəratını Ümummilli Liderinə - Heydər Əliyevə etibar etdi.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Həmin illərdə bir çox Avropa və dünya dövlətləri əhalisi arasında sosial sorğu keçirən jurnalistlərimiz, Azərbaycan dövləti haqqında onlara sual verdikdə, onlardan belə bir dövləti tanımadıqlarını və dünya xəritəsində hansı kordinatda mövqe tutmasından məlumatları olmadıqları cavabını alırdılar.
Məhz Ulu Öndər Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Ümummilli Liderimiz Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır.
Azərbaycan dövlətçiliyini möhkəmləndirən və inkişaf etdirən Ulu Öndər Heydər Əliyev onun müstəqilliyinin əbədiliyinə inanaraq dönə-dönə deyirdi: "Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək , yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək ".
Bəli, bu gün Azərbaycan xalqı yaşadığı müstəqil , inkişaf etmiş , öz iqtisadiyyatı ilə aparıcı dünya dövlətləri ilə sıx əlaqələrə malik olan bir dövlətin-müstəqil Azərbaycanın vətəndaşları olmaları ilə fəxr edirlər. Bütün bunlara görə xalqımız öz müdrik ağsaqqalına həmişə sayğı və hörmətini göstərir, ona allahdan rəhmət diləyir.
Həyat insana bir dəfə verilir. Heydər Əliyev həyatını, ömrünü şam kimi əridərək , canından çox sevdiyi Azərbaycanına ,öz xalqına,öz millətinə həsr etdi.
Bu gün yeganə təsəllimiz onun bizə qoyub getdiyi siyasi varisi , vəsiyyətlərini ləyaqətlə həyata keçirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkəmizə rəhbərlik etməsidir. İnamla deyə bilərik ki, Azərbaycan dövlətinin İlham Əliyev cənablarının rəhbərliyi ilə günü-gündən siyasi, iqtisadi cəhətdən güçlənərək , dünyaya birbaşa inteqrasiya etməsilə Ulu Öndər Heydər Əliyevin də ruhu şad olur.

Məhəmməd Əliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
aia.az

Geri dön