Ana Sayfa > Özəl > LAÇININ IŞĞALDAN AZAD OLUNMASIDN İKİ İL ÖTÜR
LAÇININ IŞĞALDAN AZAD OLUNMASIDN İKİ İL ÖTÜR28-11-2022, 10:14. Yazar: sevinc1 |
Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Laçının Mirik kəndi ərazisində "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndində mağara məbədi yerləşir. Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var. Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına qarşı Azərbaycan Ordusu tərəfindən başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da zəfərlə başa çatdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlubiyyətini qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq təslim olduğunu bildirdi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Bəyanatın 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail oldu. Qeyd edək ki, bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı, YAP-ın fəal üzvü aia.az Geri dön |