Ana Sayfa > Gündəm > 30 illik həsrətin sonu- “Laçın” rayonunun işğaldan azad olunması

30 illik həsrətin sonu- “Laçın” rayonunun işğaldan azad olunması


27-11-2022, 16:19. Yazar: sevinc1
30 illik həsrətin sonu- “Laçın” rayonunun işğaldan azad olunması

Abdallar adlanan Laçın 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın olaraq adlandırılıb. 1930-cu ildə isə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. “Laçın” toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapıb, buna qədər isə bu ad “Yuxarı Laçın” adlı kəndin adında özünü qoruyub saxlayıb.
1930-cu ildə inzibati ərazi vahidi statusu alan Laçın rayonu şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. 1 şəhər, 1 qəsəbə və 125 kəndi olan Laçın rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir ki, onun 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
1992-ci il 18 may tarixində Ermənistan hərbi qüvvələri Laçın dəhlizi vasitəsilə rayonun ərazisinə daxil olaraq, işğal etmişdir. Məhz bu işğal nəticəsində düşmən tərəfindən Laçın rayonunun əhalisi etnik təmizləyə məruz qalıb 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Rayonun işğalı nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu əməllərin hər biri beynəlxalq konvesiyalarda hərbi cinayət kimi təsbit edilib. Bunların hər biri dünya ictimaiyyətinin gözü önün baş verib.
30 il düşmən tapdağı altında qalan, üzərini qatı-qara duman alan, elinin ərazidən çıxması ilə gündüzü gecəyə dönən Laçın rayonu nəhayət ki, 30 illik həsrətdən sonra doğma insanlarına qovuşub. 2020-ci il tarixi yaddaşlara silinməz izlər qoyub. Məhz 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonunu Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycana təhvil verilib.
Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü;
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə “medalının təsis edilməsi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu bu medal ilə təltif olunub.
Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır, ehtimal olunur ki, Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri:
14.02.2021:
Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması;
Su elektrik stansiyasının açılışı.
16.08.2021:
Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi.
26.06.2022:
Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq;
“Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq;
“Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq;
Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq.

21.09.2022:
Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq;
Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması;
Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi.

İsmayılova Aygün ,
Bakı Slavyan Universiteti
Geri dön