Ana Sayfa > Siyasət > “2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib”

“2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib”


27-11-2022, 16:06. Yazar: sevinc1
“2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib”

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal olunmuşdu. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayon idi. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdü. İşğal nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmiş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu.
Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi.Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif ediliblər. 
"Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Ağdamın azad olunmasına görə" medalından sonra taxılır.
Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.

Aidə Məhərrəmova,
ADPU.YAP üzvü
aia.az
Geri dön