Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizə təzyiq göstərməyə çalışan qüvvələr üçün açıq mətnli xəbərdarlıq mesajı idi”

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizə təzyiq göstərməyə çalışan qüvvələr üçün açıq mətnli xəbərdarlıq mesajı idi”


27-11-2022, 15:45. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizə təzyiq göstərməyə çalışan qüvvələr üçün açıq mətnli xəbərdarlıq mesajı idi”

“Bu gün Azərbaycanın Cənubi Qafqaz regionundan keçən beynəlxalq nəqliyyat layihələrində aparıcı rolu bütün iştirakçı ölkələr və beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq təsdiq olunub. Bunu təmin edən əsas amillərdən biri əlbəttə ki, ölkəmizin coğrafi mövqeyidir. Belə ki, Azərbaycanın Avropa ilə Asiyanın arasında yerləşməsi bizim coğrafi mövqeyimizin böyük üstünlüyüür. İki qitənin ortasında yerləşmə sözsüz ki, Azərbaycana bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin əlverişli coğrafi mövqe yalnız iqtisadi və siyasi cəhətdən müstəqillliyi olan ölkələrə üstünlük verə bilər. Məhz bu baxımdan da Azərbaycanın beynəlxalq layihələrdə aparıcı rolunu təmin edən ən önəmli amil kimi, müstəqilliyimizi təmin edən uğurlu daxili və xarici siyasət kursu qeyd olunmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi bu siyasət kursu Azərbaycanı ötən illər ərzində Cənubi Qafqazın lider dövlətinə çevirmiş, ölkənin ərazi bütövlüyünün bərpasını və beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmişdir. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilmiş beynəlxalq konfransda səsləndirilən fikirlər də bütün bu həqiqətlərin artıq bütün dünya birliyi ölkələri tərəfindən təsdiq olunduğunu deməyə əsas verir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin konfransda etdiyi çıxışında Azərbaycan və Türkiyənin öz ölkələrinin, eləcə də regionun təhlükəsizliyini təmin etmək yönümündə birlikdə hərəkət etmələri barədə səsləndirdiyi fikirlər Azərbaycan sərhədlərində təxribat törətməklə ölkəmizə təzyiq göstərməyə çalışan qüvvələr üçün açıq mətnli xəbərdarlıq mesajı idi: “Öz çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev bir daha qardaş Türkiyə ilə Azərbaycan arasında olan səmimi dostluq və müttəfiqlik əlaqələrinin təkcə ölkələrimizin deyil, həmdə bütün regionun təhlükəsizliyi üçün ən önəmli amil olduğunu diqqət mərkəzinə çəkdi. Dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, Türkiyə və Azərbaycan Müttəfiqlik Bəyannaməsinə imza atmaqla, əslində uzun illərdən bəri mövcud olmuş reallığı sadəcə rəsmiləşdirmiş oldular. Həqiqətən də Azərbaycan və Türkiyə artıq çox illərdir ki, müttəfiq kimi addımlar atırdılar. Əlbəttə ki, ölkələrimiz arasında mövcud olan bu münasibətlər bütün regionda sülhün və sabitliyin qorunması üçün mühüm meyarıdır və bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki öz potensiallarını birləşdirməklə həm Azərbaycan, həm də Türkiyə daha güclü olurlar. Həm də ölkələrimizin sadəcə iqtisadi deyil, eyni zamanda hərbi gücü də artır. Müasir dünyada, beynəlxalq hüququn işləmədiyi və ya selektiv şəkildə işlədiyi dünyada məhz güc amili hər ölkə üçün bir nömrəli meyardır. Həmçinin Azərbaycan və Türkiyənin müdafiə infrastrukturuna qoyduqları sərmayələr, ümumi təşəbbüslər və birgə hərbi təlimlər ölkələrimizin və regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Artıq bir il ərzində Azərbaycan və Türkiyə 10-dan artıq birgə hərbi təlimlər keçiriblər və bu təlimlər hər iki ölkənin ərazisində keçirilib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.”

Daha sonra A.Naxçıvanlı bildirib ki, rəsmi İrəvanın 30 il ərzində işğal etdiyi ərazilərdə törətdiyi bütün hərbi cinayətlərə görə beynəlxalq məsuliyyətə cəlb olunmasının zəruriliyi barədə Prezident İlham Əliyevin söylədikləri dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək üçün böyük əhəmiyyət kəsb edir: “Dövlətimizin başçısı konfrans iştirakçılarından Türkiyənin Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun baş tədqiqatçısı Fərhad Pirinççinin sualını cavablandıraraq bildirdi ki, Azərbaycan artıq Ermənistanın işğal dövründə törətdiyi talançılıq və digər hərbi cinayətlərə görə beynəlxalq məsuliyyətə cəlb olunması yönümündə prosesə başlayıb. Məlumdur ki, Vətən müharibəsinin gedişində ermənilər dinc şəhərləri, o cümlədən Gəncəni atəşə tuturdular. Münaqişənin getdiyi yerdən xeyli uzaqda yerləşən ondan çox şəhər ballistik raketlərlə atəşə tutulmuşdu. “SKAD”, “Elbrus” və hətta “İsgəndər” raketlərindən istifadə olunurdu. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir. Lakin ermənilərin hərbi cinayətləri sadəcə bununla da məhdudlaşmır. İşğal dövründə ermənilər torpaqlarımızda qeyri-qanuni məskunlaşma, məkanların tarixi irsinin dəyişdirilməsi və təbii sərvətlərin qanunsuz istismarı hallarına geniş şəkildə yol veriblər. Bütün bunlar Cenevrə konvensiyalarına uyğun olaraq hərbi cinayət hesab edilməlidir. Ermənilər, eləcə də onların törətdikləri talançılıqda iştirak edən bütün xarici şirkətlər mütləq öz cəzalarını almalıdırlar”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini yekunlaşdırıb.
Geri dön