Ana Sayfa > Media / Karusel > Monitorinq Mərkəzinin direktoru:

Monitorinq Mərkəzinin direktoru:


25-11-2022, 14:54. Yazar: sevinc1
Monitorinq Mərkəzinin direktoru:

“Çap mediasında Azərbaycan dili ilə bağlı ciddi nöqsanlar var”.

“Report” xəbər verir ki, bunu “Qəzetlərin dili monitorinq aynasında” adlı tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir:

“Klassik mətbuat nümunəsi olan qəzetlər funksionallığını dəyişərək xəbər çatdırmaqla yanaşı, təhlil, araşdırma, əyləncə xarakterli yeni məzmun və formaya sahib yazılar da təqdim edirlər. Cəmiyyətdə baş verənləri gecikdirmədən, operativ şəkildə ictimaiyyətə çatdıran qəzetlər əksər halda yeni yaranan anlayışlarla bağlı söz və ifadələrin də mənbəyi kimi çıxış edirlər. Məhz bu baxımdan müxtəlif insanların tribunası olaraq fərqli mövqe və maraqları əks etdirmək missiyasını üzərinə götürən qəzetlər dilin daşıyıcısı kimi ədəbi dil normalarını da mütləq şəkildə qorumalıdırlar”.

S.Əliyeva bildirib ki, qəzetlərdə doğma dilin tətbiq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış monitorinqin nəticələri “Qəzetlərin dili monitorinq aynasında” adlı hesabatda öz əksini tapıb:

“Azərbaycan dilinin tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər çap mediasında ciddi nöqsanların olduğunu deməyə imkan verir. Digər sahələrdə olduğu kimi mətbuatda da ədəbi dilin qorunması və müvafiq normalara riayət olunması işində ciddi nəzarətə ehtiyac duyulur”.

Məruzə ilə çıxış edən mərkəzin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva monitorinq nəticəsində 2500 dil faktının qeydə alındığını vurğulayıb:

“Onlardan 1 769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib”.

M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu vurğulayıb:

“Monitorinqlər “Azərbaycan müəllimi”, “Yeni Azərbaycan”, “Mədəniyyət”, “Səs”, “Şərq”, “Tibb”, “Elm” qəzetlərində aparılıb”.

Tədbirdə iştirak edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı monitorinqlərin aparılmasını yüksək qiymətləndirib:

“Tez-tez təşkil edilsin ki, biz də səhvlərimizi bilək”.

Aşkar edilən faktların əyani şəkildə təqdimatı ilə davam edən müzakirədə fəal iştirak edən qonaqlar mətbuatda gedən proseslərlə bağlı fikir və qənaətlərini bölüşüblər.

Müzakirədə bildirilib ki, kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin mövcud praktik vəziyyətini və inkişaf sürətini müəyyənləşdirir.

Qeyd edək ki, tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, İnstitutun şöbə müdiri dosent Kifayət İmanquliyeva, aparıcı elmi işçisi Sevinc Məmmədova, həmçinin dilçi alimlər, qəzet redaktorları və media nümayəndələri iştirak ediblər.

aia.az
Geri dön