Ana Sayfa > Cəmiyyət > Azərbaycan –Serbiya münasibətləri yeni mərhələsinə qədəm qoyur

Azərbaycan –Serbiya münasibətləri yeni mərhələsinə qədəm qoyur


25-11-2022, 13:10. Yazar: sevinc1
Azərbaycan –Serbiya münasibətləri   yeni mərhələsinə qədəm qoyur

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Beynəlxalq təşkilatların rəhbərləri ilə, ayrı - ayrı dövlət başçıları ilə keçirilən işgüzar görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha sübut edir ki, Azərbaycan regionun lider ölkəsidir və onun iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə, heç bir anlaşma reallaşa bilməz. Bu günlər bir çox Avropa ölkələri mövcud Azərbaycan reallıqlarını düzgün qiymətləndirərək, sözü ilə, imzası bir olan, etibarlı tərəfdaş kimi qəbul edilən, Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycanla əməkdaşlıq etməyə, əlaqələr qurmağa can atır. Avropa ölkələri ilə ikitərəfli və çoxşaxəli əməkdaşlığın qurulması və inkişafı da ölkəmizin prioritet istiqamətlərindən biridir.
Dövlətimizin başçısının xarici ölkələrə səfərlərində mühüm əhəmiyyətli sənədlər imzalanır, ölkəmizdə baş verən proseslər, yeniliklər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, tikinti-bərpa işləri barəsində məlumat verilir. Eyni zamanda, postmüharibə dövründə Ermənistanın yenidən atəşkəs rejimini pozmağa cəhd göstərməsi, həmçinin götürdüyü öhdəliklərə əməl etməməsi, müxtəlif bəhanələrlə sülh müqaviləsindən yayınması haqda da məlumat verilir
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına dövlət səfəri də bu qəbildən atılan növbəti addımlardandır.
Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunmamış böyük potensial var. 2013-cü ildən etibarən iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq çərçivəsində, tam anlaşma və qarşılıqlı maraqlarımıza hörmət şəraitində inkişaf edir. Səfər zamanı siyasi əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək, enerji, kənd təsərrüfatı kimi qarşılıqlı maraq doğuran ən mühüm məsələlərin yüksək səviyyədə müzakirəsi mümkün olub.
Serbiyaya səfəri zamanı dövlətimizin başçısının qarşılanma mərasimi hər bir soydaşımızı qürurlandırdı. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsindən söhbət açılıb. Müxtəlif sahələr üzrə sənədlərin imzalanması da Azərbaycan-Serbiya münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatla çıxışında ölkəmiz və Prezidentimiz haqqında dediyi xoş sözlər hər birimizdə qürur hissi yaratdı.
Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Geri dön